Accessibility links

Qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşlarının məsuliyyətə cəlb edildiyi bildirilir


Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan vətəndaşları Seymur Hüseynov və Elxan Novruzbəyov ölkəni tərk edib əvvəlcə İranın Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

Bu məlumatıa Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi yayıb.

Məlumatda deyilir ki, istintaq müddətində Seymur Hüseynovun “Abuzər” ləqəbli şəxsin, Elxan Novruzbəyovun isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olduğu müəyyən edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.

DTX bu şəxslərin nə vaxt qanunsuz silahlı dəstələrə qoşulduğu və hansı ölkədə olduqları barədə məlumat vermir.

Həmçinin məsuliyyətə cəlb edilən şəxslərin vəkilləri və ailə üzvləri DTX-nin məlumatına hələ münasibət bildirməyib.

Rəsmi məlumatlara görə, vaxtı ilə Azərbaycanın yüzlərlə vətəndaşı radikal və ekstremist təbliğatın təsiri altında Əfqanıstanda, Pakistanda, Suriyada və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulub.

Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb.

Terrorçu təşkilatlara qoşulan yüzdən çox vətəndaş Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. 150-dən çox insan isə Azərbaycan vətəndaşlığından məhrum edilib.

XS
SM
MD
LG