Prezident Bayden hakimiyyətdə ilk ili Rusiya ilə gərginliklər fonunda başa vurur. ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə gərginliyi diplomatik yolla həll etməyə çağırıb. ABŞ Dövlət katibi Antoni Blinken Ukrayna paytaxtında görüşləri zamanı eyni mesajla çıxış edib.
ABŞ prezidenti vəzifəsinin birinci ilinin tamam olması ərəfəsində çıxışı zamanı bir ölkə diqqət mərkəzində oldu.
“Rusiya müdaxilə etsə buna görə məsuliyyətə cəlb olunacaq. Bu, onun nə etməsindən asılıdır. Bu kiçik bir müdaxilə olsa, bu, bir şeydir və biz nə edib-etməməyimiz haqda qərar verəcəyik. Amma əgər onlar həqiqətən də sərhəddə cəmləşmiş qüvvələrlə bacara bildiklərini etsə, Ukraynaya müdaxiləni davam etdirsə bu, Rusiya üçün fəlakət ola bilər. Bizim müttəfiqlərimiz və tərəfdaşlarımız Rusiyaya və Rusiya iqtisadiyyatına ciddi ziyan vurmağa hazırdır”, prezident Bayden bildirib.
Rusiya prezidenti Vladimir Putin artıq həftələrdir Ukrayna sərhədi boyu on minlərlə hərbçi cəmləşdirib. Ukrayna və ABŞ bunu açıq-aşkar təhdid adlandırır.
İki prezident arasında dekabr ayında iki dəfə telefon söhbəti olub və keçən həftə diplomatik komandalar vəziyyətlə bağlı gərginliyi aradan qaldırmaq üçün Avropanın üç paytaxtında bir araya gəlib.
Amerikanın Səsi Kyievdə bu həftə dəstək nümayişi olaraq Ukrayna rəhbərliyi ilə görüşən ABŞ Dövlət katibi Antoni Blinkenlə danışıb.
“Biz Rusiyaya aydın seçim, bir tərəfdən dialoq və diplomatiya, digər tərəfdən isə qarşıdurma və nəticələr arasında seçim təklif etdik. Biz Rusiya ilə birbaşa NATO-nun Strateji Sabitlik Dialoqu çərçivəsində, ATƏT-də Rusiya-NATO Şurası, Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı ilə bir sıra intensiv diplomatik danışıqlar aparmışıq və mən hələ də ümid edirəm ki, Rusiya bu diplomatik yolla gedəcək. Bunun üstün olduğu aydındır”, ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
Baydenin Konqresdəki tənqidçiləri onun Putinlə daha sərt davranmalı olduğunu deyir.
“İndi diqqət müdaxilənin dayandırılmasına yönəldilməlidir. Bundan sonra baş verənlərdən danışmırıq. Bundan sonra nə olacağı isə əslində mübahisə doğurmamılıdır. Ruslar müdaxilə etsələr, ilk gün onlar üçün çox yaxşı keçirəcək. Amma bundan sonra başqa yerlərdə gördükləri kim davam etmək çox çətinləşir. Bir ölkəni işğal etmək çox çətin işdir. Bu, həm qan, həm də sərvət baxımından baha başa gəlir. Prezident bunu prezident Putinə çatdırdığını deyib. Bu, irəli getdikcə vurğulanmalıdır”, Respublikaçı Senator Ceyms Riş bildirib.
Austində Texas Universitetinin tarix professoru Ceremi Suri Baydenin Rusiya ilə münasibətlərdə Soyuq Müharibədən dərslər aldığını bildirib.
“Soyuq Müharibədən alınan dərslərdən biri odur ki, xətlərin harada olduğunu dəqiq bilməlisiniz ki, yanlış təsəvvürlər yaranmasın. Ona görə də düşünürəm ki, onun Vladimir Putinin ABŞ-ın qətiyyətini az qiymətləndirmədiyinə əmin olması vacibdir. Lakin o, eyni zamanda ABŞ-ın məhdud məqsədləri olduğunu da göstərir. Bizim məqsədimiz Ukraynanı tezliklə NATO-ya daxil etmək deyil, lakin biz NATO-nun gələcəyini kənar gücün diktə etməsinə imkan verməyəcəyik. Ona görə də məncə, bu aydın xətlərin olması vacibdir”, o deyib.
İki böyük dövlət indi nə etməlidir? Dövlət katibi Blinken növbəti diplomatik raund üçün cümə günü rusiyalı həmkarı ilə görüşür.
Prezident Bayden prezident Putinin növbəti addımı ilə bağlı qərar verə biləcəyini deyir.