Accessibility links

Ekspert: Çirkli pulların yuyulmasına qarşı atılacaq ən vacib addım gəlirlərin deklarasiyasıdır


Korrupsiya
Korrupsiya

Avropa Şurasının "Varşava Konvensiyası Tərəfləri"nin konfransı iştirakçı dövlətləri çirkli pulların yuyulması cinayətlərinə görə məsuliyyəti səmərəli şəkildə tətbiq etməyə çağırıb.

Konfransın dünən, yanvarın 20-də dərc etdiyi hesabatında 36 dövlətdə çirkli pulların yuyulması cinayətlərinə görə tətbiq edilən tədbirlər qiymətləndirilib.

“Hüquqi şəxslərin məsuliyyəti çirkli pulların yuyulmasına qarşı səmərəli mübarizədə xüsusi əhəmiyyətə malik ola bilər, belə ki, cinayətkarlar çox vaxt qanunsuz gəlirlərini leqallaşdırmaq üçün korporasiyalardan, xeyriyyə təşkilatlarından və müəssisələrdən istifadə edirlər,” sənəddə deyilir.

Hesabatın Azərbaycana aid hissəsində qeyd edilir ki, hüquqi şəxslərin çirkli pulların yuyulmasına görə məsuliyyətinə baxmayaraq, qanunvericiliyin müvafiq müddəaları hələ təcrübədə tətbiq edilməyib.

Azərbaycanın səlahiyyətli orqanlarına hüquq-mühafizə və məhkəmə orqanlarının çirkli pulların yuyulması haqqında işlərdə korporativ məsuliyyət haqqında məlumatlılığını artırmaq (rəhbər sənədlər, təlimatlar və s. hazırlamaq) tövsiyə olunur.

İqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə bildirib ki, Azərbaycan Avropada çirkli pulların istehsalı və yuyulması sahəsində lider ölkələr sırasındadır.

“Ölkədə korrupsiyanın və gizli iqtisadiyyatın yüksək səviyyədə olması, şəffaflıq və hesabatlılıq standartlarına əməl olunmaması, eləcə də Azərbaycan Mərkəzi Bankının müstəqil olmaması, icra hakimiyyətindən asılı vəziyyətdə fəaliyyət göstərməsi və maliyyə bazarında bank və digər institutların siyasi hakimiyyətin nəzarətində olması bunun üçün əlverişli mühit yaradıb. Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin olmaması bu mühitdə belə əməliyyatların qarşısının alınması üçün təşəbbüsləri də azaldır. Azərbaycan bu sahədə bir sıra beynəlxalq konvensiyalara qoşulsa da hazırkı siyasi hakimiyyət çirkli pulların yuyulması ilə mübarizədə Azərbaycanda maraqlı deyildir, aparılan mübarizə də imitasiya xarakteri daşıyır,” o qeyd edib.

Ekspert hesab edir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə istiqamətində atılacaq ən vacib addım gəlirlər və əmlakın deklarasiyası, maliyyə əməliyyatlarına dair şəffaflığın və hesabatlığın açıqlanması olmalıdır.

Bir qədər əvvəl Azərbaycanın Baş Prokurorluğu Amerikanın Səsinin korrupsiyaya qarşı mübarizə ilə bağlı suallarının cavabında bildirib ki, ökədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır.

“Belə ki, qanunvericilik, cinayət təqibi, maarifləndirmə sahəsində intensiv tədbirlər həyata keçirilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən institusional və cinayət təqibi tədbirləri bu sahədə ixtisaslaşmış mötəbər beynəlxalq qurumların mütəxəssisləri tərəfindən monitorinq sənədlərində yüksək qiymətləndirilir,” Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə qeyd edib.

Bununla yanaşı, Azərbaycan prezidenti 2005-ci il iyunun 24-də "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"nı təsdiq edib. Amma Nazirlər Kabineti indiyədək vəzifəli şəxslərin bəyannamə formasını hazırlamayıb.

Ölkə 2020-ci il üçün Korrupsiyanın Qavranması İndeksində 180 yerdən 129-cu yeri tutub. Beynəlxalq Şəffaflıq təşkilatının məlumatına görə, Azərbaycan 2019-cu illə müqayisədə nəticəsini 3 pillə pisləşdirib, ölkədə korrupsiyanın qavrayış səviyyəsi çox yüksəkdir.

Azərbaycan Avropa Şurasının "Varşava Konvensiyası Tərəfləri"nin konfransına 31 may 2017-ci ildə qoşulub.

XS
SM
MD
LG