Accessibility links

Ukrayna: Mövcud durum


Ukrayna silahlı qüvvələrinin hərbçisi Donetsk vilayətində döyüş mövqelərində keşik çəkir.
Ukrayna silahlı qüvvələrinin hərbçisi Donetsk vilayətində döyüş mövqelərində keşik çəkir.

Rusiya ilə Ukrayna arasında artan münaqişədə son hadisələr:

Roma Papası Fransisk Ukrayna ilə bağlı gərginliyin azaldılması məqsədilə yanvarın 26-nı sülh üçün dua günü elan etməyə çağırıb. Fransisk “hər bir siyasi fəaliyyət və təşəbbüsün partiya maraqlarına deyil, insan qardaşlığına xidmət etməsi” üçün dua etməyə səsləyib. Vatikanda həftəlik dua mərasimindən sonra danışan Roma Papası deyib: “Öz məqsədlərini başqalarının hesabına həyata keçirən hər kəs öz insani vəzifəsinə etinasızlıq göstərir, çünki biz hamımız qardaş olaraq yaradılmışıq.”

Britaniya şənbə günü Rusiyanı Ukrayna hökumətini Rusiyaya daha yaxın bir hökumətlə əvəz etmək planı hazırlamaqda ittiham edib. Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın nəzərdən keçirdiyi namizədin adını açıqlayıb, lakin iddialarını dəstəkləmək üçün sübut təqdim etməkdən imtina edib.

ABŞ Dövlət katibi Antoni Blinken şənbə günü Twitter hesabında Ukrayna ilə Rusiya arasında gərginliyin artmaqda davam etdiyi bir vaxt Estoniya, Latviya və Litvanın ABŞ istehsalı olan tank və zenit raketlərini Ukraynaya göndərməsinə icazə verdiyini yazıb. Blinken həmçinin keçmiş sovet respublikalarına və NATO üzvlərinə Ukraynaya göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib.

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi şənbə günü Amerikanın Səsinin Birləşmiş Ştatların Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrinin bazar ertəsi təxliyə edilməsinə başlamaq haqda göstəriş verilib-verilmədiyi haqda sualına bununla bağlı heç bir qərarın verilmədiyi cavabını verib.

CNN və Fox News tele kanalları şənbə günü ABŞ-ın Kyivdəki səfirliyinin Dövlət Departamentinə qeyri-əhəmiyyətli personalın və onların ailələrinin ölkəni tərk etməsinə icazə verilməsi haqda müraciət etdiyi barədə məlumat verib.

Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafında getdikcə gərginləşən qarşıdurmanı müzakirə etmək üçün cümə günü Cenevrədə təxminən bir saat yarım görüş keçiriblər. Əsas tələblər üzrə güzəştə getməkdən imtina edən Blinken və Lavrov yalnız dialoqu davam etdirəcəklərinə söz verərək danışıqları yekunlaşdırıblar.

Qərb Rusiyadan qoşunlarını və silahlarını Ukrayna ilə sərhəddən çıxarmasını tələb edir, Moskva isə NATO-nun Şərqi və Mərkəzi Avropada əməliyyatlarını məhdudlaşdırmasında israr edir. Rusiya həmçinin Qərbin müdafiə alyansının Ukraynanın üzvlük təklifini rədd etməsini tələb edir. ABŞ belə bir tələbi qəbuledilməz adlandırıb.

ABŞ rəsmiləri bildirirlər ki, Rusiya Belarus və işğal olunmuş Krım da daxil olmaqla Ukrayna sərhədi yaxınlığında təxminən 100 mindən nəfərdən ibarət hərbi qüvvə cəmləşdirib.

XS
SM
MD
LG