Müsavat Partiyasının Gənclər Təşkilatının fəalı Əziz Məmiyev sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduğunu bildirib.
Məmiyev Amerikanın Səsinə deyib ki, o, yanvarın 24-də polis idarəsində olub.
"Bakı şəhər Baş Polis İdarəsində məni Cinayət axtarış şöbəsinin rəisi, eləcə də Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Vüqar Ələkbərovun qəbuluna apardılar. İdarəyə dəvət olunmağımın səbəbini soruşanda səbəb kimi bir müddət əvvəl gmail-də, Facebook-da, vatsapda kibercinayətlə üzləşməyimlə bağlı posta görə olduğu ilə əsaslandırdılar. Mənə dedilər ki, kibercinayətlə üzləşmisən və doğrudan da bütün bu işlərin təşkilatçısı biz deyilik, bu bizim üslubumuz deyil. Mən də cavabında bildirdim ki, gözümüzün qarşısında Tofiq Yaqublunu həbs edən, işgəncə verib "bunu biz etməmişik, görüntülərdə işgəncə əlaməti yoxdur" bəyanatı yayan qurumnan heç bir gözləntim yoxdur. Bunu əvvəlki statusumda da yazmışdım. Baş idarəyə çağırılmağımın gerçək səbəbinin nədən ibarət olduğunu təkrar soruşanda bildirildi ki, hakimiyyəti tənqid edirsən öz işindi, amma yazılarına fikir ver. Səliqəli mübarizə apar. Daha sonra Tik-Tokda paylaşdığım statusu çap etmişdilər, onu mənə göstərdilər ki, paylaşım etmisən, İlham Əliyevin adını çəkirsən. Qısası, "profilaktik söhbət" imitasiyası kimi görünən dəvətin əsas səbəbi bir növ xəbərdarlıq xarakteri daşıdığı aydın oldu. Tiktokda, Facebookda yazdığım tənqidi statuslara görə dəvət olunmuşdum. Baş Polis idarəsinə çağırılmağımın səbəbi siyasidir və bunu ifadə azadlığına qarşı hakimiyyətin növbəti təzyiqi kimi qiymətləndirirəm,” o qeyd edib.
Məmiyev Amerikanın Səsinə bildirib ki, Tiktok-da paylaşdığı video ona aid olmayıb, yerli mediada dərc edilən bir şikayətçinin dedikləri olub.
“Həmin videoda hakimiyyətin dəyişilməsindən söhbət gedirdi,” o qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.