Accessibility links

“Stalinizm hələ də ayaqdadır” - Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümüdür


Məhəmməd Əmin Rəsulzadə

Bu gün, yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümüdür.

Koronavirus pandemiyası səbəbindən bu il də Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsi önündə kütləvi toplantılar keçirilmir. Bununla belə çoxsaylı ictimaiyyət nümayəndələri, müxalif siyasi xadimlər kiçik qruplarla onun abidəsi önünə gələrək ehtiramlarını bildirir.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

O, Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanında dəfn edilib.

Onun Amerikanın Səsinin efirindən səsləndirdiyi müraciətindəki "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı olu​b. Bu şüar ölkədə və dünyada yaşayan azərbaycanlılar arasında bu gün də populyardır. ​

M. Ə. Rəsulzadənin Amerikanın Səsində millətə müraciəti
please wait

No media source currently available

0:00 0:05:53 0:00

Rəsulzadə gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Rusiya çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib və Rəsulzadə orada “İrane-nou” qəzetinin baş redaktoru olub. İranda məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Azərbaycan Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1917-ci ilin payızında Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Bütün bunlarla yanaşı, ictimaiyyətin çoxsaylı müraciətlərinə baxmayaraq paytaxt Bakıda və regionlarda Məhəmməd Əmin Rəsulzadənin adı hələ də əbədiləşdirilməyib, onun abidələri ucaldılmayıb.

Mühacirətdə olarkən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.

Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsinin arxivində qorunub saxlanan müraciətini təqdim edirik:

“Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşib və bu, irəli dünya demokratiyası tərəfindən də təqdirlə qarşılanırdı. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila həyulatı artıq bizdən uzaqlaşırdı. Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı.

Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandçıları bu fahiş istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar.

Azərbaycan və onunla bərabər bütün Qafqasiya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular.1920-də isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basırıldı. Faciələr və qəhrəmanlarla dolu olan mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir.

Yabançı istilaçı üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasiya emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyətinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə, kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox kolay olmamışdır. Şükür ki hadisələr bizə kömək edir. Dünya sovet həqitətini görməyə başlayıb. Səkkiz ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilab atəşi ilə yandırmaq üçün kibrit çəkdikcə yer üzündə heç zaman sülh və asayiş qurula bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz.

1918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.

Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG