Accessibility links

Rusiya və Ukrayna münaqişəsində son hadisələr


Ukrayna hərbçiləri Luqansk vilayətində cəbhə xəttində
Ukrayna hərbçiləri Luqansk vilayətində cəbhə xəttində

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bazar ertəsi keçiriləcək iclasında ABŞ Ukrayna ilə sərhəddəki hərəkətlərinə görə Rusiya ilə üzləşməyi planlaşdırır.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Linda Tomas-Qrinfild bazar günü ABC-nin “Bu Həftə” verilişində bildirib ki, şura Rusiyaya qoşunların toplanmasını açıqlamaq üçün təzyiq göstərəcək.

Rusiya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və şuranın Rusiyaya qarşı istənilən cəza tədbirini əngəlləmək üçün veto hüququndan istifadə edə bilər.

Bazar ertəsi keçiriləcək görüş diplomatik həllin tapılması səyləri fonunda münaqişə ilə bağlı danışıqların son mərhələsidir. ABŞ Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə kəskin iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə hədələyib və Rusiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatının qoşunlarını Şərqi Avropadan çıxarması və Ukraynanın alyansa qoşulmasına mane olması tələbini rədd edib.

NATO-nun baş katibi Yens Stoltenberq bazar günü deyib ki, Qərb hərbi alyansı Rusiya keçmiş Sovet respublikasını işğal edərsə, Ukraynaya qoşun göndərmək niyyətində deyil.

Pentaqonun sözçüsü Con Kirbi “Fox News Sunday” verilişinə deyib ki, Rusiyanın işğalı “həqiqətən, hər an baş verə bilər”.

Qərb Rusiyadan qoşunlarını və silahlarını Ukrayna sərhədindən çıxarmağı tələb edir, Moskva isə NATO-nun Şərqi və Mərkəzi Avropadakı əməliyyatlarını məhdudlaşdırmağa çalışır. Rusiya həm də Qərbin müdafiə alyansının Ukraynanın üzvlük təklifini rədd etməsində israr edir, Birləşmiş Ştatlar bu addımı “müvəffəqiyyətsiz” adlandırır.

ABŞ və Ukraynanın hesablamalarına görə, Rusiya Belarus və işğal olunmuş Krım da daxil olmaqla, Ukrayna ilə sərhədində təxminən 127 min əsgər toplayıb.

XS
SM
MD
LG