Accessibility links

Moskva və Vaşinqtonda keçiriləcək görüşlər Rusiya-Ukrayna böhranının həllinə yönəlib


Almaniya kansleri Olaf Şolz
Almaniya kansleri Olaf Şolz

Rusiya-Ukrayna sərhədi boyunca münaqişə təhlükəsi bazar ertəsi Moskva və Vaşinqtonda keçiriləcək ayrı-ayrı danışıqların gündəminin mərkəzindədir. Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronu, ABŞ prezidenti Co Bayden isə Ağ Evdə Almaniya kansleri Olaf Şolzu qəbul edəcək.

Ağ Evin bildirdiyinə görə, Bayden və Makron arasında bazar günü telefon söhbətində tərəflər “Rusiyanın Ukrayna sərhədlərində hərbi gücünü artırmasına cavab olaraq davam edən diplomatik və çəkindirmə səylərini müzakirə edib, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyib.”

Makron keçən həftə əsas prioritetin “Rusiya ilə dialoq və gərginliyin azaldılması” olduğunu deyib. Putinlə görüşdən sonra o, çərşənbə axşamı Ukrayna liderləri ilə danışıqlar aparmaq üçün Kiyevə yola düşəcək.

Solzun gələn həftə Moskva və Kiyevlə danışıqlarv aparmaq üçün oxşar səfərlər etməsi planlaşdırılır.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın bildirdiyinə görə, dialoq Birləşmiş Ştatların Rusiyanın Ukraynaya müdaxiləsinin “hər an baş verə biləcəyi” ilə bağlı xəbərdarlıq etdiyi vaxta təsadüf edir.

"Biz rusların Ukraynaya qarşı əhəmiyyətli hərbi əməliyyat keçirmək üçün potensial yaratdığına inanır və buna cavab hazırlamaq üçün çox çalışırıq" - deyə, Sallivan bazar günü NBC tele kanalının "Meet the Press" proqramında müsahibəsi zamanı bildirib.

“Fox News Sunday” verilişində ayrı müsahibə zamanı Sallivan “Rusiya Ukraynaya qarşı istənilən vaxt, ya da bir neçə həftə ərzində hərəkətə keçə bilər” deyib. ABŞ kəşfiyyat rəsmiləri Moskvanın hücum həyata keçmək üçün qüvvələrinin 70%-nin hazır olduğunu hesab edir.

Bunlarla yanaşı, Sallivan ABŞ-ın Rusiya prezidenti Vladimir Putinlə onun ABŞ və NATO üzrə 29 müttəfiq ölkənin fəaliyyəti ilə əlaqədar dilə gətirdiyi təhlükəsizliklə bağlı narahatlıqlarına dair danışıqlara hazır olduğunu bildirib.

XS
SM
MD
LG