Accessibility links

Ukraynada yaşayan bəzi ABŞ vətəndaşları ölkəıni tərk etmək istəmir


Ukraynada yaşayan bəzi ABŞ vətəndaşları ölkəıni tərk etmək istəmir
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Rusiyanın Ukrayna ilə sərhədində hərbi güc toplaması ilə bağlı gərginlik artmaqda davam etdiyi üçün Prezident Co Bayden ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb. Amerikanın Kyivdəki səfirliyi vətəndaşlarını Ukraynanı tərk etmələrini bir daha nəzərdən keçirməli olduqlarını bildirib. Bəzi amerikalılar bu tövsiyələrə əməl etsələr də, digərləri etməyib.

Kaliforniya startapını idarə edən Con Yuke bir neçə il əvvəl IT mütəxəssisləri axtarmaq üçün Ukraynaya gedib və bir daha geri qayıtmayıb. Lakin rus qoşunlarının Ukrayna sərhədi yaxınlığında toplanması Yukenin ABŞ-dakı dostları və qohumlarını narahat edib. Onlar onun evə mümkün qədər tez qayıtması üçün mesajlar göndərir.

Amma Yuke Kyivi sevdiyini və Rusiya lideri Vladimir Putinin yaratdığı təhlükənin şişirdildiyini deyir. “Fikrimcə Putinin işğal etməsi ehtimalı azdır. Hətta bunu etsə belə, ukraynalıların müqavimət göstərə biləcəyini düşünürəm. Çünki burada vətənpərvər insanlar çoxdur”.

Yuke əlavə edib ki, onun amerikalı dostları burada qalmağa qərar verib və onlar çox da narahat deyillər. “Mən onun şəhərləri bombalayacağını və dinc sakinləri öldürəcəyini düşünmürəm, çünki Ukrayna ona qarşı heç nə etməyib və bu, sadəcə bir fəlakət olardı. Beləliklə, mənim başıma gələ biləcək ən pis şey bir müddət internetin kəsilməsi ola ilər."

Amma hamı bununla razılaşmır. Coel Vasserman bir neçə ildir ki, Kiyevdə yaşayır və ingilis dilini tədris edir. Son xəbərlər onu qərbə, Lvova köçməyə və orada gözləməyə məcbur edib. "Mən ətrafıma düşən bombalar, artilleriya mərmiləri və ya raketlərdən uzaq olmaq istərdim. Bunun indi hər hansı bir gün baş verməsindən narahat deyiləm, amma kifayət qədər tez hərəkət etmək istədim, çünki bu, işi asanlaşdıracaq. Bu, mənim əşyalarımın çoxunu, pişiyimi götürə biləcəyim anlamına gəlir.”

ABŞ ordusunun keçmiş həkimi Devid Plaster son on ildir Ukraynada yaşayır. O, tez-tez Donbass bölgəsinə könüllü olaraq səfər edir və əsgərlərə taktiki təcili tibbi yardımı öyrədir. Rusiya işğal edərsə, Plaster Ukraynadan getməyəcəyini və lazım gələrsə, şəhər sakinləri ilə birlikdə Kiyevi qorumaq üçün Ukraynanın Ərazi Müdafiə Qüvvələrinə qoşulacağını deyir. “Mən evimdən qaçmıram. Mən burada yaşayıram. Bəli, bəzilərimizin Amerika, Britaniya, Avropa pasportları var və başqa yerlərə gedə bilərik. Amma niyə? Biz yaşadığımız yerdə qalmalı, Putinə və bütün dünyaya qorxmadığımızı göstərməliyik”.

Kyivdə yaşayan bir çox mühacir Plasterlə eyni fikirdədir. Bu yaxınlarda ABŞ, Kanada, Britaniya, Şimali İrlandiya, Danimarka və Almaniya vətəndaşları Rusiyanın təcavüzü qarşısında Ukraynaya dəstək ifadə etmək üçün beynəlxalq həmrəylik yürüşündə iştirak edib. Amerikalı Pol Niland: "Mən bəzi səfirliklərin xəbərdarlıq etdiyini və bəzi səfirliklərin zəruri olmayan işçiləri və ya ailə üzvlərini çıxarmaq qərarına gəldiyini gördüm. Ancaq bura mənim evimdir, yaşadığım yerdir və mən heç bir yerə getmirəm!"

XS
SM
MD
LG