Accessibility links

JMK: Azərbaycanda jurnalistlərin döyülməsi araşdırılmalıdır


CPJ
CPJ

“Azərbaycan hakimiyyəti aksiyanı işıqlandırarkən saxlanılan üç jurnalistə qarşı polisin zorakılığı ilə bağlı iddiaları araşdırmalı və bütün mətbuat mənsublarının sərbəst işləməsinə icazə verməlidir”.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin məlumatında deyilir.

“Azərbaycan hakimiyyəti jurnalistlər Fatimə Mövlamlı, Sevinc Sadıqova və Teymur Kərimovla polisin kobud rəftarına dair iddiaları tam araşdırmalı və belə hadisələrin təkrarlanmaması üçün etibarlı addımlar atmalıdır. Hökumətyönlü və tənqidi nəşrlərin jurnalistləri özbaşına həbsdən və polis zorakılığından qorxmadan nümayişləri işıqlandırmaqda azad olmalıdırlar” - CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

Fevralın 15-də aksiyanı işıqlandıran Azadlıq qəzetinin əməkdaşı Fatimə Mövlamlı və müstəqil web site olan Azel TV –nin əməkdaşı Sevinc Sadıqova saxlanılıb.

Jurnalist Sadıqova Amerikanın Səsinə bildirib ki, o və Fatimə Mövlamlı 4 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.

''Bizi saxlayan zaman təhqir etdilər və döydülər. Səabil rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə və oradan da Bakı şəhər Baş Polis İdarəsinə apardılar. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov bizimlə söhbət aparandan sonra sərbəst buraxdılar. Polisin hərəkətindən şikayət verəcəyik," o qeyd edib.

Reportyor Fatimə Mövlamlı deyir ki, bu işlə bağlı məhkəməyə müraciət ediləcək.

Ekspert Ağaliyev qeyd edir ki, jurnalistlərin adi vətəndaşdan fərqli olaraq, xüsusi qorumaları da var.

“Onların peşə fəaliyyətinə müdaxilə edənlər cinayət məsuliyyəti daşıyırlar. Son hadisədə 2 jurnalistə qarşı yol verilən əməllər belə məsuliyyət doğurur. Bu hadisəni ən qısa zamanda araşdırmaq, günahkarları cəzalandırmaq hökumətin həm milli qanunvericliklə, həm də beynəlxalq müqavilələrlə öhdəliyidir. Belə hadisələri “elə bir hadisə baş verməyib” deməklə təkzib etmək kifayət etmir. Jurnalistlər iddia edirlər ki, rəsmi qurumda, polis bölməsində zorakı münasibətə məruz qalıblar. Belə qurumaların hamısı müşahidə kameraları ilə izlənilir. Təkzib açıqlamalarını hadisənin baş verdiyi məkanın uyğun zamandakı video görüntüləri də müşayət etməlidir" -deyə, o əlavə edib.

Hüquq müdafiəçisi Anar Məmmədli isə bildirir ki, reportyorların döyülməsi, onların kameraları əllərindən alınması peşə fəaliyyətinə müdaxilə edilməsi zorakılıq hadisəsidir.

“Mən çox təəssüflə qeyd etmək istərdim ki, həmin olayda yeni qəbul edilmiş Media qanuna istinad edirlər. Guya bu şəxslər jurnalist deyillər. Yəni istənilən şəxs fərq etməz sıravi insan da hər hansı mitinqi, piketi ümumiyyətlə ictimai xarakterli məsələni ictimaiyyətin gözü qarşısında baş verən hadisəni video kamera ilə çəkilişini apara bilər. Bunun şəklini çəkə bilər. Buna görə polisin müdaxiləsi yolverilməzdir."

Anar Məmmədli Azərbaycanda son dövlər belə olayların çoxaldığını qeyd edir.

"Dərhal bu məsələlərə siyasi qiymət verilməlidir. Məsələ hüquqi müstəvidə də araşdırılmır. Bunu Tofiq Yaqublu olayında da gördük. Hakimiyyət bu cür zorakılıq olaylarının qarşısının alınması ilə bağlı siyasi addım atmalıdır. Əgər addım atılmırsa, belə görünür ki, bu hakimiyyət tərəfindən müdafiə olunur və hakimiyyətin yürütdüyü siyasi xəttin bir parçasıdır ki, jurnalistləri və digər şəxsləri belə durumlarda aksiyalar zamanı onları fiziki zorakılığa məruz qoymaq, onları sıxışdırmaq , adamları informasiyadan bir növ məhrum qoymaqdı. Yəni düşünürəm ki, hökümət yaxın zamanlarda bu məsələlərə cavab verməlidir" hüquq müdafiəçisi əlavə edib.

Daxili İşlər Nazirliyinin mövqeyi

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, iddialar əsassızdır.

Xatırlatma

Prezident İlham Əliyev 2021-ci il dekabrın 30-da “Media haqqında” qanunu imzalayıb. Prezidentin imzaladığı qanunun mətni və qanunun tətbiqi ilə bağlı fərman fevralın 8-də rəsmi mətbuatda dərc edilib.

Prezident fərmanına əsasə Nazirlər Kabineti iki ay müddətində Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayacaq. Milli Televiziya və Radio Şurasının səlahiyyətləri Audiovizual Şuraya keçəcək.

Nazirlər Kabineti, həmçinin “Media haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Prezidentə təqdim edəcək.

Nazirlər Kabineti üç ay müddətində Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlayacaq. Həmçinin jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

Fərmana görə, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Xarici jurnalistlər Xarici İşlər Nazirliyi tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.

Ötən il Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib

2021-ci il dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəd 9 fəsil 78 maddədən ibarətdir.

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Müstəqil media ekspertləri narahatdır

Media ekspertləri, bir çox jurnalist, beynəlxalq qurumlar qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib. Media ictimaiyyəti sənədin parlamentə təqdimindən əvvəl ictimai müzakirəsinin keçirilmədiyini bildirib. Qanunun qəbulu zamanı jurnalistlər Milli Məclisin binası qarşısında etiraz aksiyaları keçirib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda onu Milli Məclisin qəbul etdiyi "Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb.

Komissar məktubunda "Media haqqında" yeni qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib.

“Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” məktubda deyilir.

Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.

Rəsmi Bakı tənqidləri qəbul etmir

Azərbaycan Media İnkişaf Agentliyi “Media haqqında” yeni qanunla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verilməyib.

Lakin Azərbaycan Media İnkişaf Agentliyinin müdiri Natiq Məmmədli özünün Facebook səhifəsində “Media qanunu”: Hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik? başlığl ilə status paylaşıb.

Şöbə müdiri bunları deyib:

Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?

Ölkəmizin milli informasiya mühitinin sağlamlaşmasına;

- Milli informasiya resurslarımızın güclənməsinə;

- Jurnalistika üçün həyati əhəmiyyət daşıyan plüralizmin qorunmasına;

- Jurnalistin sosial portretinin formalaşmasına, statusunun və imicinin yaxşılaşmasına, nüfuzunun güclənməsinə;

- Özfəaliyyət və qeyri-peşəkarlıqla, peşəkarlığın sərhədlərinin müəyyənləşməsinə;

- Mediada layiqli əmək münasibətlərinin möhkəmlənməsinə;

- Dövlətin medianın informasiya təminatını yaxşılaşdırmasına;

- Medianın iqtisadi müstəqilliyini gücləndirməyə yönəlmiş dövlətin güzəşt və imtiyazların dairəsinin müəyyənləşməsinə.

“Media Qanunu” ilə eyni gündə dövlət jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verdi.

Bu, Azərbaycan Prezidentinin media nümayəndələrinin sosial problemlərinə diqqətinin göstəricisidir.

Dövlət hər hansı öhdəlik qoymadan özünün qulluqçusu, müəllimi, alimi, xüsusi nailiyyətləri olan idmançısı üçün nəzərdə tutduğu imtiyazları media nümayəndəsinə də şamil etdi. Bu, yalnız sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır.

Amma unutmayaq, “Media qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində göstərlir ki, bu indeks üzrə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Lakin, yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin daha ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

XS
SM
MD
LG