Prezident Co Bayden Amerika və Rusiya xalqlarına müraciət edərək, Ukraynaya potensial müdaxilənin riskləri barədə danışıb. ABŞ prezidenti deyib ki, əgər Rusiya prezidenti Vladimir Putin qonşu ölkəyə müdaxilə etsə, bu, “lazımsız ölüm və dağıntılar” gətirəcək seçim nəticəsində başlamış müharibə olacaq.
Rusiya hərbi qüvvələrinin bir hissəsini Ukrayna ilə sərhəddən geri çəkdiyini bildirib. Lakin prezident Co Bayden çərşənbə axşamı amerikalılara müraciətində yaranmış ağır vəziyyət haqda danışıb və ABŞ-ın bu iddiaları təsdiqləmədiyini bildirib.
“Fakt budur ki, hazırda Rusiyanın Ukrayna ətrafında, Belarusda və Ukrayna sərhədi boyu 150 mindən çox əsgəri var və müdaxilə tamamilə mümkün olaraq qalır”, Bayden bildirib.
Bayden habelə Rusiya xalqına da birbaşa müraciət edərək, onların Amerikanın düşməni olmadığını deyib. Onun sözlərinə görə, 77 il əvvəl ABŞ və Rusiya tarixdə ən pis müharibəyə son qoymaq üçün çiyin-çiyinə döyüşüblər.
“İkinci Dünya Müharibəsi zərurətdən doğan müharibə idi. Lakin Rusiya Ukraynaya hücum etsə, bu, seçim nəticəsində müharibə və ya səbəbsiz müharibə olardı. Mən bunları təhrik deyil, həqiqəti söyləmək üçün deyirəm, çünki həqiqət önəmlidir”, ABŞ prezidenti bildirib.
Bu arada, Moskvada Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Almaniya kansleri Olaf Scholtsla görüşüb və jurnalistlərə Ukrayna ilə bağlı gərginliyin azaldılması üçün Qərblə “daha çox işləməyə” hazır olduğunu deyib.
Scholts jurnalistlərə bildirib ki, Rusiyanın sərhəddən bəzi qüvvələrini geri çəkməsi barədə açıqlaması ümidverici əlamətdir.
“Mənim nəslim üçün müharibə Avropada ağlasığmaz bir şeydir və biz elə etməyilik ki, bu, belə də qalsın - Avropada müharibə eskalasiyasının qarşısını almaq dövlət və hökumət başçıları kimi bizim borcumuz və missiyamızdır”, Olaf Scholts bildirib.
Ukraynanın çərşənbə axşamı ölkənin Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin, eləcə də iki dövlət bankının internet saytlarının ehtimal edildiyi kimi Rusiya tərəfindən kiberhücuma məruz qaldığını bildirməsi ilə müdaxilə təhlükəsi yüksək olaraq qalır.