Accessibility links

Azərbaycan və Türkiyə prezidentləri Rusiya-Ukrayna gərginliyi barədə fikir mübadiləsi aparıb


Bu gün, fevralın 23-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Türkiyə Prezidentinin Administrasiyasının yaydığı məlumatda deyilir ki, iki ölkə liderləri regional məsələləri, o cümlədən Ermənistanla münasibətləri müzakirə ediblər.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan eyni zamanda Rusiya-Ukrayna gərginliyi barədə fikir mübadiləsi aparıb.

“İki ölkə liderləri regional məsələlərdə koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər,” məlumatda qeyd edilir.

Telefon danışığı Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada rəsmi səfərdə olduğu vaxta təsadüf edir. Prezident Əliyevin Moskva səfəri isə Rusiyanın Ukraynanın Donbas və Luqansk regionlarını müstəqil dövlət kimi tanımasından bir gün sonraya təsadüf edir.

Dünən, fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.

Xatırladaq ki, Azərbaycan, bundan öncə Türkiyə Prezidenti ilə 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini imzalayıb.

Prezident İlham Əliyev Moskva səfəri zamanı Rusiyanın Ukraynanın Donbas və Luqansk regionlarını tanıması ilə bağlı hər hansı bəyanatla çıxış etməyib.

Bununla yanaşı, fevralın 6-da Azərbaycan Prezidenti Ukrayna ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə bu ölkənin prezidenti Volodimir Zelenskiyə ünvanladığı məktubunda bildirib ki, Azərbaycan və Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.

Bundan öncə, yanvarın 14-də prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib.

Prezident Rəcəb Tayyib Ərdoğan dünən, fevralın 22-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb, “qondarma respublikaların Rusiya prezidenti Vladimir Putin tərəfindən tanınmasının qəbuledilməz olduğunu” bildirib.

Prezident Vladimir Putin isə fevraln 22-də Prezident İlham Əliyevlə görüşündən sonra bildirib ki, Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib.

“Bəri başdan demək istəyirəm, biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil. Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır.”

O, fikrini təsdiqləmək üçün Azərbaycan Prezidenti ilə görüşdən əvvəl Qazaxıstan Prezidenti ilə söhbət etdiyini deyib. Putin Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ regionunda müsbət fəaliyyətini qeyd edəndən sonra deyib: “Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir. Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır,” o qeyd edib.

XS
SM
MD
LG