Accessibility links

Rusiyanın Ukraynaya qarşı müharibəsi Azərbaycanda narahatlıqlara səbəb olub


Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması Azərbaycanda geniş müzakirələrə yol açıb.

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını hərbi qüvvələrin cəmləşdiyi ərazilərə getməməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün, fevralın 24-də Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edib.

“Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.

Eyni zamanda, vətəndaşlarımıza Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə edilir,” Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Territory of war-torn Ukraine
Territory of war-torn Ukraine

Ukraynaya uçuşlar dayandırılıb, azərbaycanlılar Ukraynanı dəstəkləyir

Azərbaycan Hava Yolları şirkəti Ukraynaya və münaqişə bölgəsinə yaxın ərazi olan Rusiyanın Həşətraxan şəhərinə təyyarə reyslərini təxirə salıb.

Rusiyanın müharibəyə başlaması Azərbaycan ictimaiyyəti və siyasi xadimləri tərəfindən tənqidlə qarşılanıb. Sosial şəbəkələrdə yüz minlərlə azərbaycanlı Ukrayna bayraqlarını nümayiş etdirərək bu ölkəyə dəstəyini bildirib.

AXCP
AXCP

AXCP Ukraynanı dəstəkləyir

Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, baş verən hərbi müdaxilə beynəlxalq hüquqa və bəşəri ideyalara qarşı hücumdur.

“AXCP Ukrayna xalqını və dövlətini onun haqlı mövqeyini və dünya tərəfindən tanınan ərazi bütövlüyünü dəstəkləyir. Bu savaş Rusiya tərəfindən heç nə ilə pərdələnməyən təcavüzkar hərəkətdir və istisnasız olaraq hamı tərəfindən pislənilməlidir,” AXCP-nin bəyanatında deyilir.

Farhad Mammedov
Farhad Mammedov

Fərhad Məmmədov: Ukraynaya hücum uzun sürən hərbi-siyasi qarşıdurmanın başlanğıcıdır

Azərbaycan Respublikasının Prezidenti yanında Analitik Araşdırmalar Mərkəzinin sabiq direktoru Fərhad Məmmədov Amerikanın Səsinə bildirib ki, Ukraynaya hücum uzun sürən hərbi-siyasi qarşıdurmanın başlanğıcıdır.

“Bu, dünyada yeni münasibətlər sisteminin yaranmasına gətirib çıxaracaq. Güman etmək olar ki, bu, yeganə müharibə deyil və Asiyada da buna bənzər müharibələr mümkündür. Nüvə dövləti müharibədə uduza bilməz, əks halda ondan istifadə edəcək.”

Rusiyanın iştirakı ilə bloklar zəifləyəcək, çünki qarşıdurma mütləq əhəmiyyət kəsb edəcək və Qərb Rusiyaya başqa ölkələr vasitəsilə pul qazanmağa imkan verməyəcək.
Fərhad Məmmədov, ekspert

Ekspert hesab edir ki, iqtisadi sanksiyalar və Rusiya ilə ticarətdən imtina hamı üçün, ilk növbədə Rusiya üçün mənfi iqtisadi nəticələrə gətirib çıxaracaq.

“Daxili proseslər seçici tərəfdən deyil, elita tərəfdən rejim dəyişikliyinə səbəb ola bilər.”

Məmmədovun fikrincə, Rusiyanın iştirakı ilə bloklar zəifləyəcək, çünki qarşıdurma mütləq əhəmiyyət kəsb edəcək və Qərb Rusiyaya başqa ölkələr vasitəsilə pul qazanmağa imkan verməyəcək.

“Rusiyanın məqsədi Ukraynada müharibəni tez bir zamanda bitirməkdir, əks halda müharibənin yaratdığı problemlər ehtiyatları tükəndirə bilər. İndi 2-4 il üçün ehtiyatı var.”

Yeni münasibətlər sistemi necə olacaq?

Ekspert hesab edir ki, indiki sistemin bütün əsas iştirakçıları gələcəkdə öz mövqelərini qoruya bilməyəcəklər.

“Yeni iştirakçılar və regionlara görə fərqlənən, bəlkə də bütün dünya üçün eyni olmayan yeni sistem olacaq.”

Onun qənaətincə, Azərbaycan indiki çətin vəziyyətdə əlindən gələni edib.

“Ölkəni və bütövlükdə regionu qarşıdurmadan - müharibədən qorumaq vacibdir. Böyük Müharibələr dövründə insan öz istək və gözləntilərində, ən əsası isə hərəkətlərində lokallaşdırılmalıdır,” o qeyd edib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Azərbaycan Ukraynanın yanında olmalıdır

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, bir çox siyasətçilər, analitiklər hesab edirdilər ki, Rusiya hər halda böyük müharibəyə başlamayacaq. Sağlam düşüncə qalib gələcək.

Bütün dünyada itkilərə, böhrana səbəb olacaq bu müharibədə ən çox itirən Rusiya olacaq.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

“Təəssüf ki belə olmadı. Putin Ukraynaya qarşı hərbi əməliyyatların başlandığını elan etdi. Bu gün səhər saatlarından başlayaraq Ukraynanın böyük şəhərlərinə raket zərbələri endirilir. Rusiya tərəfindən başladılmış işğalçı müharibə 1945-ci ildən sonra dünya miqyasında ən böyük, dağıdıcı müharibə olacaq. İstər Rusiya, istərsə də Ukrayna böyük, yerinin doldurulması mümkün olmayan itkilər verəcək. Bütün dünyada itkilərə, böhrana səbəb olacaq bu müharibədə ən çox itirən Rusiya olacaq. Çünki, Rusiya yalnız Ukraynaya qarşı yox ABŞ-a, Avropa İttifaqına, bütün mütərəqqi dünyaya qarşı müharibəyə başlayıb. Azərbaycan bu müharibədə birmənalı şəkildə haqqın, ədalətin, öz ölkəsinin ərazi bütövlüyü uğrunda vuruşan Ukraynanın tərəfində olmalıdır,” Müsavat Partiyasının lideri bildirib.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Dünya Ukraynanı necə qorumağı düşünməlidir

Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə deyib ki, Rusiya Ordusunun Ukrayna ərazisinə daxil olması beynəlxalq hüququn pozulmasıdır.

Amma bütün bu tədbirlər Rusiyanı dayandırmaq, Ukraynanı qorumaq üçün yetərlidirmi? Hələlik bu sualın müsbət cavabı yoxdur
İlqar Məmmədov, ReAL Partiyasının sədri

“O da görünür ki, hazırda beynəlxalq hüquq və beynəlxalq əməl Ukraynanı qorumaq imkanında deyil. Hələ əməldə Ukraynanı müdafiə edən yoxdur. Rusiyaya qarşı Amerika və Avropa İttifaqı tərəfindən qoulan sanksiyalar var. Hesab edirəm ki, bu sanksiyaların ardınca Rusiyanın Avropa Şurasında üzvlüyünün dondurulması gəlməlidir. Hesab edirəm ki, Avropa Şurasının hər hansı üzvü digərinə qarşı müharibə elan edib, hərbi əməliyyatlara başlamalı deyil. Əgər bu baş veribsə o dövlətin Avropa Şurasında üzvlüyü ən azından dondurulmalı və ya tamamilə xaric edilməlidir. Lakin bu tədbirlərin Ukraynanı qoruyacağına hələ müsbət cavab yoxdur,” o qeyd edib.

Məmmədov hesab edir ki, bütün dünya Ukraynanı necə qorumağı düşünməlidir.

“Hazırda Ukraynanı qoruyan yoxdur. Rusiyaya qarşı sanksiyalar var, tədbirlər var, yeniləri də gəlməlidir, gələcək. Amma bütün bu tədbirlər Rusiyanı dayandırmaq, Ukraynanı qorumaq üçün yetərlidirmi? Hələlik bu sualın müsbət cavabı yoxdur,” REAL sədri belə hesab edir.

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər: Müharibə Putin rejiminin çökməsinə gətirib çıxaracaq

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə deyib ki, son anadək Rusiyadakı siyasi rejimin belə böyük cinayətə və böyük siyasi səhvə yol verməyəcəyini düşünüb.

Müharibə Putin rejimini sonuna aparan bir hadisədir
İsa Qəmbər, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri

“Təəssüf ki, onlar bunu etdilər. Hesab edirəm ki, bu, istənilən halda təkcə Avropada təhlüjkəsizlik sisteminə, Ukrayna xalqına dəhşətli zərbə deyil, eyni zamanda Rusiyanın gələcəkdə problemlərinə, Putin rejimini sonuna aparan bir hadisədir. Mən Rusiyanın Ukraynaya hücum etməsini, SSRİ-nin 1979-cu ilin dekabrında Əfqanıstana hücumu ilə müqayisə etmişəm. Necə ki, SSRİ-nin dağılmasının səbəblərindən biri Əfqanıstana müdaxilə oldu, Rusiyanın Ukraynaya hücumu da bu ölkənin əhəmiyyətli dərəcədə zəifləməsinə, dünya səviyyəsində təcrid olunmasına, oradakı rejimin çökməsinə gətirib çıxaracaq,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG