Azərbaycan Xarici Işlər Nazirliyi Ukraynada ciddi təhlükə ilə üzləşən Azərbaycan vətəndaşlarına quru yolu ilə Moldovaya keçməyi məsləhət görür.
“Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik,” Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynada yaşayan Azərbaycan vərəbdaşlarına müraciətində deyilir.
Nazirlik bildirir ki, Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlar həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir.
“Bu xüsusda bildiririk ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər,” Xarici İşlər Nazirliyi qeyd edir.
Nazrliyin məlumatına deyilir ki, Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək.