Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi islahatlarla bağlı - Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikirlərinə münasibət bildirib. O, həmçinin ölkədə siyasi idarəçiliklə bağlı islahatların vacibliyini qeyd edib.
Amerikanın Səsi: Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev siyasi islahatlara yumşaq keçid ilə bağlı təkliflərlə çıxış edib. O, konsitutsiyalı monarxiya və Prezident-parlament idarəçiliyi üsulunu təklif edir. Sizin münasibətiniz necədir?
İsa Qəmbər: Məncə Mehman Əliyevin həmin təkliflərində monarxiya əsas məsələ deyil. Əsas məsələ parlamentli sistemə keçid təklifi idi. Sadəcə olaraq monarxiya söhbətini ortaya salmaqla Mehman bəy bir tərəfdən elə bil yüngülvari ironiya eləyib. Bir növ hakimiyyətə sual yönləndirib ki, sizin məqsədiniz nədir ? Əgər məqsədiniz monarxiyaya keçməkdisə bunu açıq deyin, cəmiyyətlə açıq danışın. Ancaq eyni zamanda Mehman bəyin əsas məqsədi həm də bu təklifini ictimaiyyət üçün maraqlı eləməkdir. Yəni o mövzu ətrafında müzakirəyə səbəb olmaqdır. Əslinə qalsa da məqsədinə çatıbdır. Bəlkə də bu monarxiya söhbəti olmasaydı Mehman bəyin bu təklifi ilə bağlı bu qədər müsahibələr alınmazdı.
Amerikanın Səsi: Ölkədə konstitusiyalı monarxiyaya keçid təklifi cəmiyyətdə ciddi tənqidi fikirlər do]urub. Sizcə cəmiyyət hansı səbəbdən konstitusiyalı monarxiya idarəçiliyinin əleyhinədir?
İsa Qəmbər: Azərbaycan xalqı əslinə qalsa dünyanın ən müasir xalqlarından biridir. Yüz ildən əvvəl bu xalq parlamentli respublika qurubdur. Bu dəyərləri qəbul edib. Bu dəyərləri inkişaf etdirmək istəyib. 1991-ci ildə müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan xalqının iradəsi ilə 1918-ci ildə qurulmuş Cümhuriyyətin varisi kimi biz yola davam eləmək qərarı qəbul eləmişik. Bu ölkə, bu xalq, bu cəmiyyət əslinə qalsa müsavatçılıq dəyərlərinə, cümhuriyyət dəyərlərinə, parlament dəyərlərinə bağlı bir xalqdır. Ona görə də monarxiya təklifləri Azərbaycan cəmiyyəti üçün, xalq üçün məqbul söhbət deyil. Xalq bunu qəbul etmir. Xalq bunu orta əsrlərə dönüş cəhdi kimi qiymətləndirir. Ona görə də xalqın reaksiyası bu yöndədir. Xüsusən də demokratik ictimaiyyətin, Müsavat Partiyasının, digər siyasi qüvvələrin əksəriyyətinin mövqeyi dediyim istiqamətdə monarxiyanı tamamilə qeyri-məqbul, hətta müzakirə mövzusu olmayacaq bir məsələ hesab eləyir.
Amerikanın Səsi: Ölkənin əksər müxalifət partiyaları parlamentli respublika üsul-idarəçiliyini dəstəkləyir. Sizcə mövcud şəraitdə bu necə mümkün ola bilər?
İsa Qəmbər: Bunu dediyim kimi, cümhuriyyət dəyərlərinə, parlament sisteminə bağlı olan bir xalq kimi, cəmiyyət kimi 1991-ci ildən bu tərəfə hər zaman bu məsələ gündəmdə olub. Əslinə qalsa 1992-ci ildə Xalq Cəbhəsi formatında hakimiyyətə gələrkən planlarımızda var idi ki, tədricən prezident səlahiyyətlərini məhdudlaşdırıb, parlamentin səlahiyyətlərini genişləndirmək lazım idi. Hakimiyyətimiz bir il çəkməsəydi davam eləsəydi bu proses gedəcəkdi. Sonrakı illərdə də Müsavat Partiyası da, bir çox başqa aparıcı qüvvələr də müxtəlif zamanlarda təkliflər irəli sürüblər parlament respublikasına keçidlə bağlı ideyalar irəli sürüblər. Elə son vaxtlarda da mən 2012-ci ildə İctimai palatanın koordinasiya şurasının ortaya çıxardığı təkliflər paketini xatırlayıram. Orada da məqsəd Azərbaycanın parlament respublikasına keçməsi idi. 2016-cı ildə biz Milli Strateji Düşüncə Mərkəzi olaraq “Böhrandan imkana” adlı yol xəritəsi adlı bir sənəd hazırlamışdıq. Həmin sənədin də məqsədi Azərbaycanda parlamentli respublikaya keçid idi. Bu, aktullığını indi də saxlayır. Əslinə qalsa hakimiyyətin özündə də dərk edir ki, əvvəl-axır buna keçmək lazımdır. Bunun da yolu ciddi konstitusiya islahatından keçir. Ya yeni konstitusiya qəbul edilməlidir, ya ciddi bir konstitusiyon dəyişikliklər baş verməlidir. Orada da bütün bu məqamlar göstərilməlidir. Səlahiyyət bölgüsünün dəyişməsi , parlament səlahiyyətinin artırılması. Və eyni zamanda buna gedən yolda gerçək bir parlament seçkisi keçirmək üçün proporsional qaydada siyasi partiyaların əsas rəqabəti ilə normal bir parlament seçkisi keçirmək ideyası qüvvədə qalır. Yolu budur, əvvəl axır da bunu hər kəs qəbul etməli olacaq. Çünki bəşəriyyətin inkişaf yolu buradadır. Parlament respublikasının prezident respublikasına nisbətən daha üstün olması da qəbul olunmuş, təsdiq olunmuş bir həqiqətdir.