Accessibility links

ABŞ Prezidentinin hesabatı, Azərbaycandan reaksiyalar və Ukrayna böhranı


Ukraine

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı illik hesabat məruzəsi ilə çıxış edib. Prezident ABŞ-da inflyasiya, texnologiyaya sərmayələr və sağlamlığa qədər bir çox mövzuya toxundu. Bayden çıxışının əvvəlində isə əsas diqqəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə və ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı gördüyü tədbirlər və Ukrayaya dəstəyinə çəkib.

Bayden deyib ki, Rusiya Prezidenti Vladimir Putin altı gün öncə “azad dünyanın bünövlərəni sarsıtmağa çalışdı və onu öz qorxulu yoluna çəkə biləcəyini düşündü".

"Lakin o, çox səhv hesab etdi. O düşünürdü ki, Ukraynaya daxil olacaq, dünya da kənara çəkiləcək. Amma bunun əvəzinə o heç vaxt təsəvvür etmədiyi güclü bir divarla qarşılaşdı. O, Ukrayna xalqı ilə qarşılaşdı,” Bayden dedi.

ABŞ Prezidentinin hesabatında Ukrayna və demokratiya bağlı fikirləri Azərbaycanda müzakirələrə səbəb olub.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Putin rejiminin çökməsi azadlıqlar uğrunda mübarizə aparan xalqlar üçün böyük stimul olacaq

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, Putinin davranışları bütün dünyanın Rusiyaya qarşı birləşməsinə səbəb olub.

Dünyanın əsas güc mərkəzi olan dövlətin başçısının diktatura rejimləri barədə açıq və birmənalı mövqeyi həm Rusiya həm də bütün dünyayada mövcud olan belə rejimlərə xəbərdarlıqdır.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

“Aydın məsələdir ki, bu müharibə Rusiyanın iqtisadi baxımdan çökməsi, dövlət kimi zəyifləməsi ilə nəticələnəcək. Rusiya rejimi sarsılacaq. Bu hal Rusiyanın dəstəyi ilə mövcud olan avtoritar rejimləri vahiməyə salır. ABŞ-ın və Avropa İttifaqının müharibə ilə bağlı vahid mövqe nümayiş etdirməsi çox əhəmiyyətlidir.”

Onun fikrincə, aparıcı dünya dövlətlərinin Rusiyaya qarşı bir araya gəlməsində ABŞ prezidentinin mühüm rolu olub.

“Dünyanın əsas güc mərkəzi olan dövlətin başçısının diktatura rejimləri barədə açıq və birmənalı mövqeyi həm Rusiya, həm də bütün dünyayada mövcud olan belə rejimlərə xəbərdarlıqdır. Putin rejiminin çökməsi bütün dünyada demokratiya və azadlıqlar uğrunda mübarizə aparan xalqlar üçün böyük stimul olacaq,” o qeyd edib

Erkin Qədirli: Rusiyanın uduşlu çıxışı yoxdur

Milli Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Erkin Qədirli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Rusiya Ukraynaya təcavüz edib.

Erkin Qədirli: Rusiyanın uduşlu çıxışı yoxdur
please wait

No media source currently available

0:00 0:06:18 0:00

“Rusiya Ukrayna ərazisini işğal edir, dinc əhalini öldürür, hərbi təyinatı olmayan obyektləri bombalayır. Bunların hamsı müharibə cinayətləridir. Buna qarşı etiraz etmək vacibdir. Burada müqavilə öhdəlikləri olmasa belə, təcavüz beynəlxalq hüquqa qarşı cinayətdir. Ona görə, bu hər kəs üçün təhlükədir. Odur ki, Ukraynanı müdafiə etmək, yardım etmək müqavilə öhdəliyi olmasa belə köməklik edilməldiir. Bu gün görürük ki, çeşidli sanksiyalar tətbiq edilir, bəzi hərbi yardımlar edilir.”

ABŞ və qərb dövlətlərinin sanksiyaları Putinin müharibə addımlarını dayandıra bilər.
Erkin Qədirli, Miili Məclisin deputatı

Milli Məclisin deputatı hesab edir ki, ABŞ və qərb dövlətlərinin sanksiyaları Putinin müharibə addımlarını dayandıra bilər.

“Hələ ki, iqtisadi sanksiyalardır. Özü də çox önəmli sanksiyalardır. Sanksiyalar Rusiya iqtisadiyyatına böyük zərbə vurur. Rusiya iqtisadiyyatının əsasən resurs iqtisadiyyatı, oliqarxik iqtisadiyyat olduğunu da nəzərə alsaq, oliqarxlara qarşı da ünvanlı sanksiyaların qoyulması Rusiya dövlətinə zərbə vuaracaq. Bunun artıq ilk nəticələri görünür. Bu davam edərsə, Rusiya təbii ki, keçmiş SSRİ kimi çox qüdrətli deyil. Amma, iqtisadi sanksiyalar SSRİ-ni çökdürüb.”

O hesab edir ki, Rusiyanın hazırki durumdan uduşlu çıxışı yoxdur.

“Müharibəni davam etdirsə də uduzur. Onu dayandırsa da uduzur. Ölkəni çox pis vəziyyətə salıblar.”

Qədirli Ukrayna ilə bağlı məsələni demokratiya və diktatura qarşıdurması kimi təqdim edilməsini qəbul etmir.

Bir ölkəni diktator, digərini demokrat təqdim etməklə guya əlavə arqument üçün fon yaradırlar. Bunun siyasi rejimlə heç bir əlaqəsi yoxdur. Ölkənin ərazi bütövlüyü pozulubsa, təcavüz edilibsə, bu beynəlxalq hüquqa qarşı cinayətdir.
Erkin Qədirli, Miili Məclisin deputatı

“Mövzunun buraya gətirilməsini çox ziyanlı sayıram. Çünki, diqqəti əsas məsələdən yayındırır. Tutaq ki, ölkə demokratik deyil. Onun ərazi bütövlüyünü pozmaq olar? Beynəlxalq hüquqda belə şey yoxdur. Bir ölkəni diktator, digərini demokrat təqdim etməklə guya əlavə arqument üçün fon yaradırlar. Bunun siyasi rejimlə heç bir əlaqəsi yoxdur. Ölkənin ərazi bütövlüyü pozulubsa, təcavüz edilibsə, bu, beynəlxalq hüquqa qarşı cinayətdir.”

Deputat Azərbaycanın Ukrayna problemi ilə bağlı mövqeyindən danışarkən deyib ki, Azərbaycan Rusiyanı dəstəkləmir.

“Bu, açıq görünür. Avropa Şurası Nazirlər Komitəsində səsvermədən söhbət gedirsə, Azərbaycan səsvermədə iştirak etməyib. Burada aydındır ki, Azərbaycan Rusiyanı dəstəkləmədiyi üçün səsvermədə iştirak etməyib. Məncə, Rusiya bunu elə bu cür də gördü. Azərbaycan Rusiyanın lehinə səs verə bilməzdi.”

O qeyd edib ki, bu halda Azərbayanın durumunu da düşünmək lazımdır.

“Bizim ölkəmizdə indi Rusiya qoşunları var. Ərazimizin qalan hissəsini nəzarətimizə keçirmək üçün Rusiya ilə ehtiyatlı davranmalıyıq. Amma aydındır ki, bu, Rusiyanın etdiklərinə haqq qazandırmadan edilməlidir. Mənə elə gəlir ki, Azərbaycanın bu xarici siyasəti yetərincə ağıllıdır. O biri tərəfdən də Ukraynaya yardım göstəririk. Yardım çox açıq şəkildə edilir. Dərmanlar göndərilir, Bakıda insanlar Ukrayna səfirliyi qarşısında mitinq edir. Vətəndaşların fərdi təşəbbüsləri hesabına humanitar yardım toplanır,” o qeyd edib.

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Gültəkin Hacıbəyli: Bayden haqlıdır: diktatorların əməllərinin bədəlini ödəmədikdə, xaosa səbəb olur

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin keçmiş üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə deyib ki, Qərb uzun onilliklər boyu diktatorlara qarşı tolerant davranmış, "real politics" mövqeyindən çıxış etmiş və bunu bütün dünyaya praqmatizm kimi təqdim etmişdi.

bu coğrafiya üçün "xalqları demokratiyaya hazırlamaq" taktikası diktatorlara özlərini möhkəmləndirib hətta bəşəri dəyərlərə təcavüz etmək üçün vaxt qazandırmağa xidmət etdi.
Gültəkin Hacıbəyli, siaysətçi

“Onlar belə düşünürdülər ki, müxtəlif mədəni inteqrasiya layihələri həyata keçirməklə, treninq və təşviqat proqramları ilə avtoritar ölkələrin cəmiyyətlərini daxildən demokratiyaya hazırlamaq olar. ABŞ və Avropada siyasi qərarvericilər onu nəzərə almırdılar ki, məsələn, Səudiyyə Ərəbistanı və ya Liviyadan fərqli olaraq Belarus, Azərbaycan, Ermənistan və Qazaxıstan kimi ölkələrin cəmiyyətləri nəinki demokratiyaya hazırdır, hətta onların bəzilərində ötən əsrin əvvəllərində nümunəvi demokratiya olub. Odur ki, bu coğrafiya üçün "xalqları demokratiyaya hazırlamaq" taktikası diktatorlara özlərini möhkəmləndirib hətta bəşəri dəyərlərə təcavüz etmək üçün vaxt qazandırmağa xidmət etdi.”

O bildirir ki, Azərbaycanda məzhəkə xarakteri daşıyan məhkəmələri gerçək ədalət ünvanına çevirmək üçün Avropa, ABŞ institutları müxtəlif layihələr həyata keçirdilər, milyonlar xərclədilər, hakimlərin bilik və bacarıqlarının artırılması üçün treninqlər təşkil etdilər, onların sosial durumunun yaxşılaşdırılması üçün hökumət qarşısında tələblər qoydular.

“Biz Qərbdən olan tərəfdaşlarımıza başa sala bilmirdik ki, Azərbaycan hakiminin ədalətsiz qərar qəbul etməsinin səbəbi onun savadsızlığı və ya Avropa Konvensiyasının yaxşı bilməməsi deyil. Sadəcə olaraq, o, dekpotik rejimin bir elementidir, onun müstəqil mövqeyi ola bilməz. Problem siyasi iradənin olmaması, hakimlərin icra hakimiyyətinin sifarişi ilə qərarlar verməsidir. Real nəticə istəyiriksə, hədəf də həmin siyasi iradə sahibləri olmalıdır.”

Hacıbəyli yazır ki, sevindirici haldır ki, demokratik Qərb və onun lideri olan ABŞ-ın siyasi rəhbərliyi diktatorların təkcə öz xalqları üçün təhlükə törətməyərək azad dünyanın təməllərini sarsıtdığını anlayıblar.

Xoşbəxtlikdən, bu gün demokratik dünya böyük qurbanlar vermək hesabına olsa da öz yanlışlarını düzəldir.
Gültəkin Hacıbəyli, siaysətçi

“Putinin Belarusda, Ukraynada, Gürcüstanda, Moldovada, Azərbaycanda, Qazaxıstanda törətdiyi cinayətlər göz önündədir. Onun yaxın və artıq rəsmi müttəfiqi olan Azərbaycan rejimi Avropa Şurası kimi mötəbər bir beynəlxalq təşkilatı "Kürü diplomatiyası" ilə diskreditasiya etdi, Almaniyada parlament, Maltada hökumət böhranı yaratdı, Gürcüstan demokratiyasına kölgə saldı, Putinin istəyi ilə dolayısı yolla demokratiya üçün problemlər yaratdı. Diktatorlar "ən yaxşı müdafiə hücumdur" taktikasından yararlanaraq despotizmin ekspansiyası ilə məşğul olduğu halda, uzun illər Qərb öz dəyərlərini qorumaq üçün heç nə etmədi. Və bu gün yaranmış durum həm də bu yanlış praqmatizm siyasətinin nəticəsidir. Xoşbəxtlikdən bu gün demokratik dünya böyük qurbanlar vermək hesabına olsa da, öz yanlışlarını düzəldir. O, ən azı öz evini qorumaq üçün buna məcburdur, çünki Putin kimi tiranlar bu evin təməllərini sarsıtmaqla məşğuldurlar və onların aqressiyası sərhəd tanımır.”

O hesab edir ki, Bayden haqlıdır: diktatorlar əməllərinin bədəlini ödəmədikdə bu, xaosa səbəb olur.

“Onlara bu bədəli ödətdirmək üçün ABŞ başda olmaqla bütün mütərəqqi dünyanın birliyini, yekdilliyini və cəsarətli qərarlarını görmək qürurvericidir və ümid edirəm ki, sonuncu avtoritar rejim tarixə gömülənədək bu birlik pozulmayacaq, bu cəsarət tükənməyəcək. Azərbaycan hakimiyyətinə gəlincə, o, mahiyyət etibarilə sərt avtoritar rejimdir, hətta son zamanlar ölkəmizdə avtoritarizmdən diktaturaya keçidin bəzi əlamətləri də görünməkdədir. O, mahiyyət etibarilə hara aiddirsə, qəlbi və ruhu ilə oradadır. Unutmayaq ki, Əliyevlər Azərbaycanda 50 ildən artıq davam edən səltənətlərini Rusiyaya borcludurlar. Amma Putin rejiminə qarşı bütün dünyanın səfərbərliyi vəziyyəti kifayət qədər dəyişir. Diktatorlar "kollektiv Qərbin" birliyindən və iradəsindən qorxmağa başlayıblar. Bu proses dərinləşməli, ən yaxın zamanda Putinlə bərabər onun bütün avtoritar dostlarından öz xalqlarına yaşatdıqları iztirablar, kasıb vətəndaşlarından oğurladığı milyardlar və bütün dünyada demokratiya və insan hüquqlarına təcavüz etdiklərinə görə hesab sorulmalıdır. Dünya öz xalqlarının girov götürüb onlarla əsir götürülmüş əhali, öz ölkələri ilə işğal olunmuş ərazi kimi davranan insanlıq düşmənlərindən təmizlənməlidir,” keçimiş deputat qeyd edib.

AXCP sədr müavini Seymur Həzi
AXCP sədr müavini Seymur Həzi

Seymur Həzi: Baydenin fikirləri demokratik dünyanın ümumiləşmiş fəaliyyətinin hesabatıdır

Azərbaycan Xalq Cəbhəsi Partiaysı (AXCP) sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə deyib ki, Baydenin illik hesabatında səsləndirdiyi fikirlər demokratik dünyanın ümumiləşmiş fəaliyyətinin hesabatıdır.

Ukrayna ətrafındakı birlik həm də insanlığın gələcəyi naminə birlikdir.
Seymur Həzi, AXCP sədrinin müavini

“Nəhayət Qərb bloku-Aİ və NATO son bir ildə və Baydenin təşəbbüsləri ilə birləşə bildi. Ukrayna ətrafındakı birlik isə həm də insanlığın gələcəyi naminə birlikdir. Azərbaycan hakimiyyəti indiki vəziyyətdə siyasi baxımdan Rusiyanın yanındadır. O, yeni tərəfdaşlıq sazişi imzalamaqla Moskva ilə birliyini həm də hüquqi çərçivəyə salmaq istədi. Bu isə Britaniya parlamentində Azərbaycana qarşı sanksiyalar çağırışına səbəb oldu. Mən ölkənin sanksiya hədəfi olmasını istəməzdim. Daha doğru olardı ki, şəxslər özləri əməllərinə görə cavabdeh olsunlar, nəinki xalqlar onlara görə məhrumiyyətlər yaşasın,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG