Accessibility links

Ombudsmanın insan hüquqları ilə bağlı illik hesabatı və alternativ baxışlar


Sabina Aliyeva
Sabina Aliyeva

Milli Məclis ombudsmanın insan hüquqlarının qorunması haqqında 2021-ci il üzrə məruzəsini qəbul edib.

Ombudsman Aparatının məlumatında deyilir ki, ombudsman Səbinə Əliyevanın parlamentə təqdim etdiyi məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyət əksini tapıb.

Məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyət əksini tapıb.
Ombudsman Aparatının məlumatından sitat

Bununla yanaşı məruzədə hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, beynəlxalq əlaqələr, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təkliflər əhatə olunub.

İllik məruzə, eyni zamanda ölkə prezidentinə təqdim olunub, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, ölkədə insanların siyasi azadlıqları, iqtisadi haqları, hətta bəzi hallarda mədəni azadlıqları hakimiyyət tərəfindən iqnor edilir.

Rüfət Səfərov: Ombudsman potensialı çərçivəsində işlərini realizə edə bilmir
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Hüquq müdafəçisi rəhbərlik etdiyi təşkilatın aylar və həftələr üzrə ölkədə hüquq pozuntularını monitorinq etdiyini deyib.

Rüfət Səfərov
Rüfət Səfərov

“Azərbaycanda Ombudsman institutunun tam azad, müstəqil olması barədə fikir yürütsəm çox sadəlövh olaram. Çünki biz avtoritar idarəçilikdə fəaliyyət göstəririk. Düşünürəm ki, ombudsman öz potensialı çərçivəsində işlərini realizə edə bilmir. Amma, ombudsman Səbinə xanım sələfi Elmira xanımdan fərqli olaraq proseslərə daha dinamik, daha çevik yanaşmağa meyllidir. Bununla yanaşı, Azərbaycanda insan haqlarının ağır durumu ilə bağlı hesabat vermək sadəcə insan haqları müvəkkilinin imkanları həddində deyil. Çünki, Azərbaycanda antidemokratik, hüquqa söykənməyən bir idarəçilik forması mövcuddur,” hüquq müdafiəçisi qeyd edib.

Azərbaycanda insan haqlarının ağır durumu ilə bağlı hesabat vermək sadəcə insan haqları müvəkkilinin imkanları həddində deyil. Çünki, Azərbaycanda antidemokratik, hüquqa söykənməyən bir idarəçilik forması mövcuddur.
Rüfət Səfərov, hüquq müdafiəçisi

Rüfət Səfərov hesab edir ki, ölkədə insan haqları sahəsində islahatlar üçün ilk növbədə azad seçkilər olmalı, müstəqil məhkəmə formalaşmalıdır.

“1993-cü ildən indiyədək haklimiyyətin hər üç qolu saxta seçkilərlə müəyyən edilib. Məhkəmə hakimiyyətinin mütləq surətdə müstəqilliyi təmin olunmalıdır. İslahatların məğzi belə olmalıdır ki, insanlar fikirlərinə görə yaxşı halda inzibati, pis halda cinayət məsuliyyətinə məruz qalmasın. Bu gün Azərbaycanda onlarla siyasi məhbus var,” o belə düşünür.

Hüquq müdafiəçisi son Ukrayna hadisələri ilə bağlı parlamentin və deputatların hələ münasibət bildirmədiyini deyib.

“Əgər parlament, deputatlar bu hadisələrə münasibət bildirməyib icra hakimiyyətini gözləyirsə, hansı hakimiyyət bölgüsündən danışa bilərik,” o qeyd edib.

Əfqan Sadıqov
Əfqan Sadıqov

Sevinc Sadıqovanın həyat yoldaşı jurnalist Əfqan Sadıqov həbsdədir. Jurnalist tənqidi yazılarından sonra hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib. Amma, o ittihamı qəbul etmir və jurnalist fəaliyyəti ilə bağlı sifarişlə həbs edildiyini bildirir. Jurnalist hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb, çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsdən azad edilməsini tələb edir.

Əfqan Sadıqov ötən il etiraz olaraq 242 gün aclıq aksiyası keçirib. Sevinc Sadıqova jurnalistin hüquqlarının müdafiəsi üçün dəfələrlə ombudsmana müraciət etdiyini və bir nəticənin olmadığını bildirib.

Onlarla görüş zamanı Əfqanı iradəsinə zidd olaraq stolda oturdublar. O zaman Əfqan sadəcə ayaq üstə dura bilmirdi, əlil arabasında gəzirdi.
Sevinc Sadıqova, həbsdə olan jurnalistin həyat yoldaşı

“Bu 242 gün müddətində ombudsmanın mənə yeganə cavabı belə idi ki, “nəzarətdə saxlayırıq”. Mən hətta ombudsman Səbinə Əliyevanın qarşısını kəsib dedim ki, nəyi nəzarətdə saxlayırsınız, Əfqanın ölümünü?” o Amerikanın Səsinə deyib.

Sevinc Sadıqovanın sözlərinə görə, Ombudsman İnstitutu, onun rəhbəri tərəfindən həyat yoldaşının hüquqlarının müdafiəsi ilə bağlı hər hansı bəyanat, müraciət qəbul edilməyib.

“Hətta onlar yuxarı dövlət orqanlarına, dövlət başçısına müraciət etmədilər.”

Onun dediyinə görə, Ombudsman Aparatının əməkdaşları jurnalist yalnız komaya düşəndən bir gün sonra onunla görüşüb.

Sevinc Sadıqova: Ombudsman həyat yoldaşımın hüquqlarının müdafiəsi ilə bağlı hər hansı iş görmədi
please wait

No media source currently available

0:00 0:02:26 0:00

“Onlarla görüş zamanı Əfqanı iradəsinə zidd olaraq stolda oturdublar. O zaman Əfqan sadəcə ayaq üstə dura bilmirdi, əlil arabasında gəzirdi. Onlar həyat yoldaşıma əziyyət verərək onu müqəvva kimi stolda oturdub fotosunu çəkmişdilər.”

Sadıqova deyib ki, onun tənqidlərini Ombudsman Aparatı qəbul etmir və jurnalistin hüquqlarını müdafiə etdiklərini, onun durumunu daim nəzarətdə saxladıqlarını bildirirlər.

XS
SM
MD
LG