Martın 10-da Bakının Səbail Rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun prokurorluğun onun polis tərəfindən döyülməsi faktı üzrə cinayət işi açmaqdan imtinası ilə bağlı şikayətini təmin etməyib.
Tofiq Yaqublu Amerikanın Səsinə deyib ki, məhkəmənin qərarını qəbul etmir və apellyasiya şikayəti verəcək.
“Məhkəmə də prokurorluğun qərarını doğru saydı və o fikirdə oldu ki, mən özüm-özümü döymüşəm. Bu qərar sadəcə ayıb və rəzalətdir. Adam məhkəmənin qərarını izah etməyə söz də tapmır. Bu qədər absurd, bu qədər ağ yalan olarmı?” - deyə, o sual edib.
Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasından Amerikanın Səsinə bildiriblər ki, məhkəmə qərarları şərh olunmur, narazı tərəf yuxarı məhkəmə instansiyalarına şikayət verə bilər.
Tofiq Yaqublu ötən ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində (Bakıdan 60 kilometr qərb) tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu bildirib ki, onu polislər döyüb.
Daxili İşlər naziri Vilayət Eyvazov Yaqublunu polislərin döyməsini istisna edib. Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib: "Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq".
Səbail Rayon Prokurorluğunun gəldiyi nəticəyə görə, Yaqublu özü-özünə xəsarət yetirib. Tofiq Yaqublu hesab edir ki, onun döyülməsi siyasi fəaliyyəti ilə bağlıdır.
Tofiq Yaqublu bundan öncə müxtəlif ittihamlarla bir neçə dəfə həbsdə olub. O, siyasi sifarişlə həbs edildiyini dəfələrlə deyib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri təkzib edir.