Accessibility links

Qərbi Azərbaycan vilayətində bələdiyyələrin əməkdaşlıq təşkilatının işçiləri 10 aydır maaş almayıb


İranın Qərbi Azərbaycan vilayətində Bələdiyyələrin Əməkdaşlıq Təşkilatına çalışan işçilər 10 aydır maaş almayıb.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyi bu haqda məlumat yayıb.

“Novruza sayılı günlər qalır, ancaq Qərbi Azərbaycanda Bələdiyyələrin Əməkdaşlıq Təşkilatının işçiləri hələ də keçən 10 ayın maaşını almayıblar. Yeni il ərəfəsində süfrələri boşdur,” agentliyin xəbərində qeyd edilib.

İran vilayətlərində bələdiyyələrin əməkdaşlıq təşkilatı bələdiyyələr adına şəhərsalma və abadlıq layihələri, habelə tenderlərin həyata keçirilməsi kimi fəaliyyətlər ilə məşğul olurlar.

Agentlik yazıb ki, “işçilər rəhbərliyin dəyişməsi ilə vəziyyətin düzələcəyini gözləyirdilər, amma yeni rəhbərliyin fəaliyyətindən bir neçə ay keçsə də dəyişən bir şey yoxdur.”

Qərbi Azərbaycan valiliyi gecikmiş maaşların 3 ay ərzində ödəniləcəyini açıqlayıb.

Sosial şəbəkələrdə Qərbi Azərbaycan Bələdiyyələrinin Əməkdaşlıq Təşkilatının iflasa uğradığına dair xəbərlər yayılıb. Ancaq təşkilatın müdirlərindən biri xəbəri təkzib edib. İLNA-ya istinadən Yasir Rəhbərdin deyib ki, “işçilərin maaşını ödəmək üçün təşkilatın bəzi mülklərini satışa çıxardıq. Lakin hələ istədiyimiz nəticəni ala bilməmişik. Hazırda cəhdlərimiz daha çox təşkilatın tələblərini toplamaq yönündədir.”

XS
SM
MD
LG