Azərbaycan tərəfi iki dövlət arasında münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza prinsiplərini təqdim etdikdən sonra, martın 14-də Ermənistan tərəfi sülh danışıqları ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət etdiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, bir neçə gün öncə Azərbaycanın Ermənistanla münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib.
“Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması,” o qeyd edib.
Abdullayeva deyib ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.
Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Ermənistanın Azərbaycanın təqdim etdiyi təkliflərə cavab verdiyini qeyd edib.
“Ermənistan Azərbaycanın təqdim etdiyi təkliflərə cavab verib və Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün danışıqların BMT-nin Nizamnaməsi, Siyasi və Mülki Hüquqlar üzrə Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında aparılması üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib,” Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.