Accessibility links

Ukraynada Fox News-un müxbiri yaralanıb, operatoru həlak olub


ABŞ-ın FOX News telekanalı operator Pyer Zakjevskinin Ukraynada vəfat etdiyini açıqlayıb.

55 yaşlı Zakjzevski FOX News-un müxbiri Bencamin Holl ilə işdə olarkən yaralanıb. Yayımçının əməkdaşları ilə paylaşılan memorandumda deyilir ki, onların avtomobili Kyiv yaxınlığındakı Horenkada alovla üzləşib.

ABŞ-ın Fox News telekanalı bazar ertəsi müxbirlərindən birinin Ukraynada reportaj hazırlayarkən ağır yaralandığını bildirib. Fox News Media-nın icraçı direktoru Suzan Skottun bildirdiyinə görə, Britaniya əsilli amerikalı jurnalist Bencamin Holl Kyiv yaxınlığında xəstəxanaya yerləşdirilib.

Fox News hadisə və ya Hallın xəsarətlərinin dərəcəsi ilə bağlı çox az təfərrüat olduğunu deyib, lakin əlavə edib ki, Holl xəstəxanada müalicə olunur.

2015-ci ildə Fox News-a qoşulan Dövlət Departamentinin müxbiri Hall Suriya, İraq və Əfqanıstandakı münaqişələri işıqlandırıb. O, əvvəllər The New York Times, The Times of London və BBC daxil olmaqla, ABŞ və Britaniya mediası üçün reportajlar hazırlayıb.

Dövlət Departamentinin Müxbirlər Assosiasiyası bildirib ki, Hollun xəsarət aldığını eşidəndə “dəhşətə gəlib”.

"Biz Beni istiqanlılığı, xoş yumoru və yüksək peşəkarlığı ilə tanıyırıq. Biz Benə tez sağalmasını arzulayırıq və Ukraynada işıqlandırmaları ilə əvəzsiz xidmət göstərən jurnalistləri qorumaq üçün maksimum səy göstərməyə çağırırıq", assosiasiyanın prezidenti Şaun Tandon bildirib.

Kyivdən reportaj hazırlayarkən Holl Fox-dakı həmkarlarından birinin medianın öz reportajları ilə emosional reaksiya verməyə çalışdığına dair verdiyi şərhə qarşı çıxıb.

"Hadisə yerindən danışarkən demək istəyirəm ki, bu, medianın emosional reaksiyalar verilməsi üşün çalışması deyil. Bu, tam baş verənlərdir" - deyə, Holl martın əvvəlindəki bir yayımda bildirmişdi.

Hollin xəsarətləri amerikalı kinorejissor və jurnalist Brent Renonun öldürülməsindən və onun həmkarı Xuan Arredondonun Kyiv yaxınlığındakı İrpində yaralanmasından bir gün sonra baş verib.

Time jurnalı bazar günü verdiyi açıqlamada jurnalistlərin bölgədə qaçqınlar haqqında sənədli film üzərində işlədiklərini bildirib.

Bazar günü Dövlət Departamentinin sözçüsü Ned Prays Reno və Arredondoya hücumu “Kremlin seçim etmədiyi hərəkətlərinin daha bir dəhşətli nümunəsi” kimi qiymətləndirib.

Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Rusiya səfiri Vasili Nebenzia Rusiyanın məsuliyyət daşıdığını və Rusiya qüvvələrinin bu ərazidə fəaliyyət göstərdiyini inkar edib.

Nebenzia Renonun jurnalist olmadığını iddia edərək, bunun The New York Times-ın özünün etiraf etdiyini deyib.

Hücum zamanı Renonun əlində Times mətbuat kartı var idi, bu da onun ABŞ-ın gündəlik qəzetinin təyinatında olduğu barədə bəzi ilkin məlumatlara səbəb olub.

Daha sonra The Times Renoya hörmət ifadə edən bir bəyanat yayaraq, onunla işləmədiyini bildirib.

Reno və Arredondo Amerikanın Səsinin Şərqi Avropa müxbiri Miroslava Qonqadze ilə birlikdə Harvard Universitetində 2018-ci ildə Nieman Jurnalistika Fondunun təqaüdçüsüdür.

Niemanın kuratoru Ann Marie Lipinski verdiyi açıqlamada Renonu işinə "sədaqət və dərin insanlıq" gətirən "müstəsna" kinorejissor kimi təsvir edib.

Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Renonun ailəsinə ünvanladığı məktubda “Ukrayna xalqı sizinlə birlikdə yas saxlayır” deyib.

Zelenskinin rəsmi “Twitter” səhifəsində yerləşdirilmiş məktubda Renonun cəsarətinə və peşəkarlığına ehtiram ifadə edilir və bildirilir ki, jurnalist “milyonlarla ukraynalının insan faciəsini, dağıntılarını və iztirablarını sənədləşdirərkən həyatını itirib”.

XS
SM
MD
LG