Accessibility links

Azərbaycanda sel sularının nəticələri aradan qaldırılır


Azərbaycanın bir sıra bölgələrində daşqınlara səbəb olan güclü yağıntılardan sonra təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirlir. Son günlər bəzi bölgələrdə bir metrədək qar yağıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 25-dək davam edəcək.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirir ki, son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və kəskin keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Nazirliyin məlumatlarında deyilir ki, Xaçmaz rayonunun Meşəli qəsəbəsində, Niyazoba kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində, Masallı rayonunun Köhnə Alvadı kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri, Cəfərli və Təzəkənd kəndlərində, Lənkəran rayonunun Liman şəhəri və Boladı kəndində suçəkmə və təxliyə tədbirləri həyata keçirilib.

Ümumilikdə Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən 12 nəfər və qarlı-şaxtalı havada Siyəzən rayonunda dağda yolu azaraq köməksiz vəziyyətdə qalmış 4 nəfər təhlükəsiz əraziyə təxliyə edilərək xilas olunub.

Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyası bildirib ki, hazırda çoxsaylı texnikadan istifadə olunmaqla şəhərin küçələrindən su çəkilib, nəqliyyatın hərəkəti bərpa edilib.

Cəlilabaddan Yardımlı şəhəri istiqamətində yol təmizlənib. Təbii fəlakət nəticəsində elektrik enerjisi verilməsinin dayandırıldığı üç kənddə elektrik enerjisi təchizatı bərpa edilib.

Təbii fəlakət nəticəsində ən çox Masallı rayonuna ziyan dəyib. Burada 913 ev, 2093 həyətyanı sahə, 1000 hektara yaxın əkin sahəsini su basıb, 165 nəfər təxliyə edilib, bu rayonun Fövqəladə Hallar Komissiyası bildirib.

Rəsmi məlumatlarda sakinlərə dyən ziyanın ödənilib-ödənilməyəcəyi barədə danışılmır. Eyni zamanda sığorta şirkətləri də sığorta ödənişləri edib-etməyəcəkləri ilə bağlı hələ məlumat yaymayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG