Accessibility links

Ekspert: Rusiya-Ukrayna müharibəsi Azərbaycanda internet trafiki, İT texnologiyaları ilə bağlı risklər yaradır


Azərbaycanda əhalinin 85 faizi internetdən istifadə edir.

Bu barədə martın 21-də Cenevrə şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının iclasında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

“Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə), LTE (Long Term Evolution- Ötürmə qabiliyyətinin artması) texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır,” Rüstəmov qeyd edib.

Rövşən Rüstəmov deyib ki, Azərbaycanda bütün əhali mobil şəbəkə ilə əhatə olunub, mobil genişzolaqlı internet geniş yayılıb. Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı xidmət abunəçilərinin sayı 73-ə bərabərdir.

Bununla yanaşı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə müsahibəsində bildirib ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanda internet xidmətləri və İT texnologiyalarının təchizatı üçün müəyyən risklər yaradır.

İnternet Forumunun prezidenti Osman Gündüzlə müsahibə
please wait

No media source currently available

0:00 0:06:00 0:00
Direct link

“Bu risklər daha çox Azərbaycana daxil olan magistral internet xətlərinin Rusiya ərazisindən keçən hissəsi ilə bağlıdır. Məlum olduğu kimi Azərbaycana interneti iki magistral (backbone) operator, Delta Telecom və AzerTelecom gətirir. Hər iki magistral operator həm Rusiya üzərindən, həm də digər istiqamətlərdən Azərbaycana internet trafikini gətirmək imkanına sahibdir. Araşdırmalar göstərir ki, Delta Telecom şirkətinin Azərbaycana gətirdiyi internetin çox hissəsi Rusiyaya məxsus Rostelekom telekommunikasiya operatorunun bu ölkənin ərazisindən keçən magistral optik xətləri vasitəsilə tranzit yolla daxil olur. Rostelekom isə sanksiyalara məruz qalan qurumların siyahısına daxildir. AzerTelecom şirkətinin Azərbaycana gətirdyi internetin əsas hissəsi isə Gürcüstan istiqamətindən ölkəyə daxil olan magistral xətlər vasitəsilə həyata keçirilir,” ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri internetin əsas hissəsi ilə yanaşı rezerv trafikini Qərb istiqamətindən, yəni Gürcüstan üzərindən alır.

“Şirkətin Rusiya üzərindən aldığı rezerv trafik isə 2-ci dərəcəli rezerv əhəmiyyəti daşıyır. Buradan belə qənaətə gəlmək olar ki, Rusiya-Ukrayna müharibəsi və Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Azərbaycan interneti üçün yarana biləcək risklər AzerTelecom və onun trafiki üçün ciddi olmayacaq. AzerTelecom şirkəti tərəfindən Xəzərin dibi ilə Orta Asiya (Qazaxıstan və Türkmənistan marşrutları) istiqamətində də sualtı fiber optik magistralın (Trans Xəzər Fiber Optik Kabel Xətləri) çəkilişi də gələcəkdə AzNet-in dayanıqlılığı üçün mühüm əhəmiyyətə malikdir.”

Osman Gündüz hesab edir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın internetinin qlobal şəbəkəsindən ayrılacağı ilə bağlı internetinin dayanıqlılığı üçün yarana biləcək risklər Azərbaycan hökuməti tərəfindən diqqətdə saxlanılmalıdır.

Ekspert hesab edir ki, digər risk internet əhalinin Rusiyanın ru domenindən istifadəsi ilə bağlıdır.

“Mail.ru, Vkontakte və Odnoklassniki defolt təhlükəsi ilə üzləşib Rusiyanın əvvəllər Mail.ru Group kimi tanınan VK Holdinqi ("Vkontakte" , " Odnoklassniki ", Mail.ru, M.Games və s. servislər daxildir) qiymətli kağızların sahiblərinə ödəniş edə bilmədiyi üçün texniki defoltla üzləşib. Holdinqin London Fond Birjasında fəaliyyəti Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində 3 mart tarixdən dayandırılıb və hazırda onun bütün öhdəlikləri ödəyə biləcək maliyyə vəsaiti yoxdur.

İstiqraz sahibləri onlara olan bütün borcların vaxtından əvvəl ödənilməsini tələb etsələr, VK-nın bunun üçün kifayət qədər pulu olmaya bilər ki, bu da texniki defoltla nəticələnəcək. Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur (Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur), hansı ki, onun özünə də sanksiya tətbiq edilib. Eyni zamanda, Amerikanın NASDAQ birjasında Rusiyanın məşhur internet mağazası Ozon.ru və Nyu-York Fond Birjasında da Yandex (1.2 milyard dollar) şirkəti də eyni problemlə üzləşib. Beləliklə, Rusiyanın rəqəmsal mühiti çökmək üzrədir, bir yandan xarici texnoloji şirkətlər Rusiya bazarını tərk edib, digər tərəfdən də Rusiyanın özünün rəqəmsal şirkətləri iflasla üzləşib,” o qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycan vətəndaşları Rusiya domenlərindən digər domenlərə keçməlidir ki, bu problemlərlə üzləşməsin.

O həmçinin deyib ki, Azərbaycan bazarı ilə əlaqəsi olan komputer və onun ehtiyat hissəsləri, internet proqramları və texnologiyarı, mobil telefon şirkətlərinin demək olar ki, hamısının qlobal ofisləri Rusiyada yerləşir.

“Müharibə başlayandan sonra bu qlobal ofislərin demək olar ki, hamısı bağlanıb. Azərbaycanın bu sahədə təchizatında da müəyyən problemlər yarana bilər. Çünki hazırda bir xaotiklik var. Həmin şirkətlər regional ofislərini haraya köçürəcəyi də vaxt aparacaq. Bu baxımdan Azərbaycan komputer və onun hissələri, yaddaş kartları, mikrosxemlər, proqramlar, internet texnologiyaları və təchizat cihazları ilə bağlı da problemlərə nəzər salmalıdır,” ekspert belə hesab edir.

İnternet Forumunun prezidenti hesab edir ki, Azərbaycan bir sıra qlobal ofislərin Azərbaycana köçməsinə imkan yaratmalıdır. Bununla yanaşı, Rusiya, Ukrayna və Belarusda yüz minlərlə İT mütəxəssisləri var və onların Azərbaycana gəlib burada işləməsi üçün inkanlar yaradılmalıdır.

“Artıq bu üç ölkədən olan xeyli sayda İT şirkətləri və İT mütəxəssisləri iş üçün, miqrasiya üçün bizim İT sektora müraciətlər etməkdədir. Bu həm də milyonlarla vəsaitin ölkəyə gətirilməsi deməkdir,” Osman Gündüz Amerikanın Səsinə müsahibəsində bildirib.

XS
SM
MD
LG