“Kyivdə bu gecə, martin 26-da xırda atışmalar oldu. Artilleriya və raket hücumları olmadı. Hazırda sakitlikdir.”
Bu barədə hazırda Kyivdə olan Turan İnformasiya Agentliyinin müxbiri Əziz Elxanoğlu Amerikanın Səsinə müsahibəsində bildirib.
Jurnalist gecəni metroda sığınacaqda keçirib.
“Axşam saat 10-dan səhər saat 7-dək komendant saatı tətbiq edilir. Heç kim küçəyə çıxmır. İnsanlar metro stansiyalarında, evlərin zirzəmilərində gecələyir. Səhər tezdən isə mağazalar açılır, infrastrukturların hamısı işə başlayır. Çətindir, amma insanlar iş başındadır.”
Onun dediyinə görə, küçələrdə hərbçilər, mülki geyimli polislər keşik çəkir.
“Şübhəli adam görəndə yoxlayırlar. Mənim də sənədlərimi yoxladılar. Bütün avtomobillər postlarda yoxlanılır. Gərginlikdir. İnsanlarda bir az xof, bir az stress var.”
Jurnalistin sözlərinə görə, Kyiv şəhərinin mərkəzi hissəsində dağntılar müşahidə edilmir.
“Amma, şəhərin müxtəlif ətraf hissələrində dağıntılar var. Şəhərin müxtəlif hissələrində, əsas magistral yollarda barikadalar, tank əleyhinə baryerlər qurulub,” o qeyd edib.