Accessibility links

Avropa Şurası: Azərbaycanda hər 100 000 nəfərə 216 məhbus düşür


COVID-19 pandemiyası 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək Avropada məhbusların sayının azalmasına səbəb olub. Bu barədə üzv ölkələrin həbsxanalarında cinayət-icra vəziyyətinin illik statistikası ilə bağlı Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

“Pandemiya dövründə hərəkətin məhdudlaşdırılmasına görə cinayətlərin azalması, məhkəmə sisteminin işinin ləngiməsi və koronavirusun yayılmasının qarşısını almaq və ya azaltmaq məqsədilə məhbusların azad edilməsi onların sayının azalmasının əsas amillərindən biri olub,” məlumatda qeyd edilir.

2021-ci il 31 yanvar üçün Avropa Şurasına üzv 49 dövlətdə 1 414 172 məhbus olub. Bu, Avropa səviyyəsində hər 100 000 sakinə 102 məhbus düşməsi deməkdir.

2020-ci illə müqayisədə bu göstərici 100 000 sakin üçün 104,3 məhbusdan 101,9-ə qədər (-2,3 faiz) azalıb.

Azərbaycanda hər 100 000 nəfərə 216 məhbus düşür. Ölkə məhbus səviyyəsinin ən yüksək olduğu ölkələr arasındadır və Rusiya Federasiyası (328), Türkiyə (325) və Gürcüstanın (232) ardınca dördüncü yeri tutub.

Bununla yanaşı, Azərbaycanda məhbusların ümumi sayı 2020-ci illə müqayisədə 3,3 faiz artaraq 21 012 nəfər olub.

Həbsxanalardakı sıxlıq baxımından Azərbaycanda hər 100 yerə 85,5 məhbus düşür ki, bu da Avropa üzrə orta göstəriciyə (84,5) bərabərdir.

Avropada məhbusların 4,7 faizi qadınlardır. Azərbaycanda bu göstərici 2,7 faiz təşkil edir ki, bu da orta Avropa göstəricisindən xeyli aşağıdır.

Ümumilikdə Avropada məhbusların 15,3 faizini əcnəbilər təşkil edib. Azərbaycanda onlar ümumi sayın 2,2 faizini təşkil edir ki, bu da Avropada ən aşağı göstəricilərdən biridir.

2020-ci ildə Avropa həbsxanalarında intihar səviyyəsi 10 000 məhbusa 5,7 olub. Azərbaycanda 1,8-dir.

2020-ci ildə Avropada məhbusların sutkalıq orta xərcləri 77 avro təşkil edib. Azərbaycanda bu göstərici 8,08 avrodur. 2020-ci ildə Azərbaycanda penitensiar sistemin ümumi büdcəsi 63 780 807 63 avro təşkil edib.

Azərbaycan Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov bildirib ki, rəhbərlik etdiyi partiya ötən ilin martında amnistiya və hüquq-mühafizə sisteminin yenidən qurulmasına çağırış edib.

“Amma hələ bizi eşidən yoxdur. Avropa Şurasının dünənki hesabatında sözügedən rəqəmlər bir daha təsdiqləndi. Dərinə baxsan, söhbət yenə gedib çıxır neft pullarına. Hüquq-mühafizə sistemi nə qədər repressiv olsa məhkəmə, prokurorluq, polis və cəzaçəkmə müəssisələri o qədər çox rüşvət yığa biləcək. Bizdə uğurlu iş adamı olmaq əvəzinə adamlar forma, ya da mantiya geyinib iqtisadiyyatda dolaşan neft pullarından pay qoparır, sonra da cəza sisteminin repressivliyini hər vəhc ilə qorumağa çalışır,” o qeyd edib.

XS
SM
MD
LG