Accessibility links

Cənub.az regional xəbər saytının redaktoru saxlanılıb


Aprelin 13-də Masallı rayonunda (Bakıdan 236 kilometr cənub) Cənub.az regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov polis tərəfindən saxlanılıb.

Yerli mənbələrin məlumatına görə, Əmənov redaksiyanın ofisində saxlanılıb.

Daxili İşlər Nazirliyi bildirib ki, Zahir Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi icra nümayəndəsi İsrafil Əliyevin aprelin 13-də polis şöbəsinə şikayəti əsasında saxlanılıb. İcra nümayəndəsi iddia edib ki, Zahir Əmənov onun övladının səs yazısını yaymaqla hədələyib və bunun baş verməməsi üçün 1500 manat pul tələb edib.

Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Öz növbəsində, jurnalistin həyat yoldaşı Reyhan Əmənova Amerikanın Səsinə deyib ki, jurnalistə qarşı irəıli sürülən ittiham şər və böhtandır.

“Zahiri sadəcə susdurmaq istəyirlər. Bu ittiham onun tənqidi məqalələri ilə bağlıdır. Əliyev redaksiyaya daxil olan kimi stolun üstünə pul qoyub və bu zaman polislər həyat yoldaşımı həbs edib. Zahir heç zaman rüşvət almayıb. Zəhmət olmasa gəlin bizim evimizə baxın. Evimizin bir hissəsinin polu belə yoxdur. Rüşvət alan şəxsin belə evi olar?” o qeyd edib.

Əmənova həyat yoldaşı ilə görüşə buraxılmadığı, müstəqil vəkil tutmağa imkan verilmədiyini deyib.

Bakı Mətbuat Klubunun həmtəsisçisi və direktoru, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də ittihamın əsaslılığına şübhə edir.

Onun sözlərinə görə, Zahir Əmənov Masallı rayon Polis Şöbəsində saxlanılır, ona dövlət hesabına vəkil təyin edilib, 48 saat ərzində isə məhkəmə həbs qətimkan tədbirinə baxacaq.

“30 ildir ki, Zahir Əmənovu Azərbaycanın aparıcı regional kütləvi informasiya vasitələrindən birinin rəhbəri, təcrübəli jurnalist kimi tanıyırıq. Ona görə də pul tələb etmə və cinayət başında yaxalanma kimi ittihamlar gerçək görünmür. İşin saxtalaşdırıldığına şübhəmiz yoxdur və işi nəzarətdə saxlayacağıq,” Əliyev deyib.

Əliyev diqqəti ona da yönəldib ki, son vaxtlar Əmənov Masallı rayon İcra Hakimiyyətinin başçısı ilə münasibətlərindəki gərginlikdən şikayətlənib. İcra hakimiyyəti başçısı jurnalistin rayondakı neqativ hallar, pis idarəçilik və sosial problemlərlə bağlı tənqidlərdən narazı qalıb.

Yerli icra hakimiyyəti hələ bu məlumata münasibət bildirməyib.

XS
SM
MD
LG