Ukrayna rəsmiləri bazar günü Rusiyanın cənubda mühasirəyə alınmış liman şəhəri Mariupolda Azovstal polad zavoduna hava zərbəsi endirdiyini bildiriblər.
Keçən həftə Rusiya prezidenti Vladimir Putin Rusiya qüvvələrinin nəzarəti hələ də minlərlə ukraynalı döyüşçü və mülki vətəndaşdan almağa çalışdığı zavodun blokadaya alınması haqda göstəriş vermişdi.
Bu arada, Beynəlxalq Qırmızı Xaç Komitəsi bazar günü yaydığı bəyanatda “əhalisinin köməyə ciddi ehtiyacı olduğu Mariupolda vəziyyətdən dərin narahat olduğunu” bildirib.
“Minlərlə mülki şəxsin və yüzlərlə yaralının şəhərdən, o cümlədən Azovstal zavodunun ərazisindən könüllü şəkildə təhlükəsiz şəkildə çıxmasını təmin etmək üçün təcili və maneəsiz humanitar yardım tələb olunur”, BQXK bildirib.
Zavoda zərbə endirilməsi Ukraynada bazar günü pravoslav Pasxa bayramının qeyd edildiyi və Ukrayna prezidenti Volodimir Zelenskinin paytaxt Kyivdə ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Austinlə görüşünün gözlənildiyi vaxta təsadüf edir.
Zelenski Rusiyanın fevralın 24-də Ukraynaya qarşı hərbi təcavüzə başlamasından sonra ABŞ rəsmilərinin ilk rəsmi səfərinin nəticəsi olaraq Ukraynanın “konkret şeylər və konkret silahlar gözlədiyini” bildirib.
ABŞ rəsmiləri tərəfindən səfərlə bağlı heç bir təsdiq verilməyib.
Zelenskinin cümə axşamı BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir. BMT baş katibinin Zelenski ilə görüşdən əvvəl bazar ertəsi Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və çərşənbə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşləri planlaşdırılır.
Britaniya rəsmiləri şənbə günü Rusiya qüvvələrinin şərq cəbhəsində yenilənmiş hücum elan etməsinə baxmayaraq, az irəliləyiş əldə etdiyini bildiriblər. Ukrayna isə bazar günü pravoslav Pasxa bayramı ərəfəsində ölkə üzrə komendant saatı elan edib.
Ukrayna Rusiya qüvvələrinin mühasirədə olan Mariupol limanından dinc sakinlərin təxliyəsi cəhdlərinə mane olduğunu bildirib.
Mariupol şəhər rəsmisi Pyotr Andrüşşenko Telegram kanalında “təxliyənin qarşısı alındı” deyərək, “200-ə yaxın adamın hökumətin təyin etdiyi evakuasiya sahəsinə toplaşdığını, lakin onların Rusiya qüvvələri tərəfindən dağıdıldığını əlavə edib”.
Ukrayna rəsmiləri şənbə günü Rusiyanın Qara dənizdə liman şəhəri Odesaya azı 6 qanadlı raket atdığını, nəticədə 5 nəfərin öldüyünü bildiriblər. Rusiya Müdafiə Nazirliyi hərbi qüvvələrin Odesada ABŞ və Avropa ölkələrinin Ukrayna qüvvələrinə göndərdiyi silahların olduğu anbara raket zərbəsi endirdiyini bildirib.
Ukrayna rəsmiləri şənbə günü Ukraynada Rusiyanın 21 600 əsgərinin öldüyünü bildiriblər.
Prezident Zelenski “müharibəyə son qoymaq” üçün Rusiya lideri Vladimir Putinlə görüş keçirilməsi çağırışını yenidən təkrarlayıb.
“Düşünürəm ki, bu müharibəni kim başlayıbsa, onu sona çatdıra biləcək”, Zelenski şənbə günü Kyivin mərkəzində metro stansiyasında keçirilən mətbuat konfransında deyib və əlavə edib ki, əgər bu iki ölkə arasında sülh razılaşmasına gətirib çıxararsa, o, Putinlə “görüşməkdən qorxmur”.