Accessibility links

Azərbaycanın internet media saytlarının Rusiya ərazisində bloklanması davam edir - müxtəlif baxışlar


Bloklanmış sayt
Bloklanmış sayt

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) Rusiyada Azərbaycanın daha bir internet saytını Caliber.az saytını bloklayıb.

Caliber.az saytının redaktoru Heydər Mirzə Amerikanın Səsinə bildirib ki, Rusiya öz qanunvericiliyini pozaraq, heç bir xəbərdarlıq etmədən sayta girişi məhdudlaşdırıb.

“Bu, bizim üçün gözlənilməz oldu. Çünki hər hansı izah verilməyib. Bu izahedilməz qərardır. Caliber.az saytı daim balanslı xəbərlər sərgiləməyə çalışır. Həm Rusiya, həm Ukrayna, həm də qərb ekspertlərinin fikirlərinə yer verir. O səbəbdən Rusiyanın qərarı bizim üçün aydın deyil. Bununla yanaşı, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin qərarının da effektivliyi sual altındadır. Çünki bizim rus dilli auditoriya ilə teleqram kanalı üzərindən mütəmadi əlaqəmiz var. Bu, mənasız bir addımdır,” o qeyd edib.

Minval.az saytının baş redaktoru Emil Mustafayev Amerikanın Səsinə deyib ki, başçılıq etdiyi saytın Rusiyada yayılmasının məhdudlaşdırılmasının səbəbi Rusiya hakimiyyətinə xoş gəlməyən düzgün və doğru xəbərlərin dərcidir.

“Necə ki, doğru xəbər yayan xarici mediaları blokladılar, minval.az saytını da elə blokladılar. Ən absurd vəziyyət odur ki, bizə heç bir xəbərdarlıq etmədən, heç bir səbəb göstərmədən saytımızı bloklayıblar.”

Baş redaktorun sözlərinə görə, minval.az saytının istifadəçilərinin 40 faizi, yəni gündə 15 mindən çox istifadəçisi Rusiya ərazisindədir.

“Bu, ilk günlərdə oxucuların sayının azalmasına səbəb oldusa, artıq vəziyyət düzəlib, insanlar VPN üzərindən sayta daxil olurlar.”

Turan agentliynin direktoru Mehman Əliyev Amerikanın Səsinə deyib ki, Azərbaycan saytlarının Rusiya ərazisində məhdudlaşırılması Azərbaycan hakimiyyətinə bir mesajdır.

“Əslində Rusiya hakimiyyəti Azərbaycan hakimiyyətinə mesaj verir ki, Azərbaycanda Rusiyaya qarşı münasibətdən narazıdırlar.”

Əliyev Rusiyanın Azərbaycana qarşı birtərəfli və qərəzli məlumatlar yayan saytlarının Azərbaycan ərazisində bloklanmamasının səbəblərindən danışarkən deyib ki, Azərbaycan hakimiyyəti Rusiyanın rəsmi dairələri ilə üz-üzə gəlməmək üçün həmin saytlara blok qoymur.

“Azərbaycana qarşı qərəzli məlumat yayan Rusiya saytları həqiqətən də var. Azərbaycan həmin saytları bloklamırsa deməli Rusiya ilə qarşıdurmadan çəkinir. Əslində hər hansı saytın bloklanması düzgün yanaşma deyil. Əsas oxucunun marağıdır. Mən demək olar ki, Rusiyanın sputnik, reqnum və başqa qərəzli saytlarını oxumuram, Rusiya televiziyasına, Solovyovun verilişlərinə baxmıram. Çünki bütövlükdə təbliğatdır. Görürəm ki, hər hansı fikri, mövqeyi seyrçiyə sırımaq istəyirlər və bunun arxasında siyasət durur. Ona görə də mənim üçün maraqlı deyil. Rusiya mediasında hazırda plüralizm, balanslılıq yoxdur,” o qeyd edib.

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə ilə bağlı Azərbaycanın musavat.com, minval.az, Oxu.az, Haqqın.az, Baku.ws, caliber.az saytları Rusiya ərazisində bloklanıb. Bu saytlar Ukraynadakı durumla bağlı rus və Azərbaycan dillərində məlumatlar, reportajlar, qərb mediasında çap olunan materialları tərcümə edərək dərc edir.

Azərbaycan Mətbuat Şurasının bəyanatında deyilir ki, Rusiya tərəfindən söz və ifadə azadlığına, plüralizmə aşkar sayğısızlıq törədilir.

“Bu, beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə etinasız yanaşmadır. Bu, eyni zamanda, Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır. Rusiyanın bloklama siyasəti dövlətin öz informasiya məkanını yad elementlərdən təmizləmək istəməsi kimi dəyərləndirilə bilməz. Çünki Azərbaycan KİV-ləri heç bir halda söz və ifadə azadlığından sui-istifadə etmir. Onlar müharibəyə işğal faktı prizmasından yanaşırlar. Bu, müstəqillik dövrü Azərbaycan mediasının ruhundan irəli gəlir. Çünki Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan əziyyət çəkib,” sənəddə qeyd edilir.

Azərbaycan Mətbuat Şurası Rusiyanın media ictimaiyyətinə, mütərəqqi dairələrinə müraciət edərək Azərbaycan KİV-lərinin bloklanması, Rusiya ərazisindəki yayımlarının məhdudlaşdırılması faktına obyektiv qiymət verməyə çağırır.

Rusiyanın rəsmi qurumları Azərbaycan Mətbuat Şurasının bəyanatına hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG