Accessibility links

Beynəlxalq Qırmızı Xaç Komitəsi: Suriya və İraqda saxlanma yerlərində, düşərgələrdə Azərbaycan vətəndaşları var


"Suriya və İraqda saxlanma yerlərində, düşərgələrdə Azərbaycan vətəndaşları var".

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, həmin şəxslərə BQXK-nın nümayəndələri baş çəkir.

"Saxlama şəraiti ilə tanış olunur, ailələri ilə əlaqə saxlamağa imkanlar yaradılır. Saxlanılanlar əsasən kişilərdir, lakin qadın və uşaqlar da var" - deyə, o bildirib.

Bundan əlavə İlahə Hüseynova Ukraynada müharibə ilə bağlı saxlanma yerlərində Azərbaycan vətəndaşlarının olub-olmadığı barədə məsələyə də toxunub.

Vurğulanıb ki, indiyədək heç bir azərbaycanlı ailədən quruma müraciət daxil olmayıb.

"Əgər müraciət olarsa, biz bununla bağlı araşdırma apararıq. Hazırda müraciət yoxdur" - deyə, o qeyd edib.

Xatırlatma

Aprelin 1-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 7 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib. Rəsmi məlumata görə, repatriasiyası nəzərdə tutulan vətəndaşların öncə Türkiyə ərazisinə keçidi təmin olunub. Daha sonra Ankara-Bakı təyyarə reysi ilə Azərbaycana gətirilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2021-ci il dekabrın 27-də deyib ki, ümumilikdə 2021-ci ildə İraq və Suriyadan Azərbaycana 81 nəfər gətirilib. Onların 69-u uşaq və 12 nəfəri qadındır.

"Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat" adlı yekun hesabatda bildirilir ki, 2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ötən ay Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar 20 minə yaxın Azərbaycan vətəndaşı oranı tərk edib.

"Həmin şəxslərin 4 minə yaxını Polşa ərazisinə keçməklə Ukraynanı tərk edib," o qeyd edib.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb.

Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan hökuməti arasında 14 fevral 2002-ci ildə Kyivdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

XS
SM
MD
LG