Accessibility links

Azərbaycan Ermənistanla sərhəddə iki keçid məntəqəsi açacaq


Sərhəd
Sərhəd

Azərbaycan Ermənistanla sərhəddə yaradılacaq iki sərhəd-keçid məntəqəsinin yerini müəyyənləşdirib.

Sərhəd məntəqləri Ermənistanla həmsərhəd Qubadlı və Zəngilan rayonlarında Eyvazlı və Qazançı qəsəbələrində olacaq.

Bu barədə Azərbaycanın baş naziri Əli Əsədov sərəncam imzalayıb.

Sənədə əsasən, 4 sərhəd məntəqəsi yaradılacaq. Daha iki sərhəd-keçid məntəqəsi “Füzuli” və “Zaqatala” beynəlxalq hava limanlarında (eyniadlı rayonlarda) açılacaq.

Qeyd edək ki, Ermənistanın Gorus və Qafan şəhərləri arasında yolun 21 kilometrlik hissəsi Eyvazlı kəndindən keçir.

Qazançı kəndi yaxınlığından Azərbaycanın Naxçıvan Muxtar Respublikasına avtomobil yolu keçəcək və bu, Zəngəzur nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq.

Qazançı kəndinin yaxınlığında Azərbaycandan Qafana (Ermənistan) gedən keçmiş dəmir yolu da keçir.

Bu il aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub. Danışıqların yekunlarına əsasən, hər iki tərəf aprelin sonunadək ölkələr arasında sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması və sülh sazişinin hazırlanmasına başlanması barədə razılığa gəliblər.

Aprelin 25-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan telefon danışığı zamanı “birgə sərhəd komissiyasının iştirakçılarının parametrləri” məsələsi üzrə razılığa gəliblər.

XS
SM
MD
LG