Accessibility links

İordaniya kralı Abdulla ABŞ prezidenti Co Baydenlə görüşəcək


İordaniya kralı Abdulla Qüdsün İslam və Xristianlarının müqəddəs yerlərinin idarə olunması ilə bağlı İsraillə gərginlik fonunda cümə günü Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək.

İordaniya yəhudi dövləti ilə 1994-cü ildə imzalanmış sülh müqaviləsinə əsasən həmin ərazilərin himayədarı olsa da, İsrailin baş naziri Naftali Bennet bu yaxınlarda Məscidül-Əqsa kompleksinin idarə edilməsində hər hər xarici iştirakdan imtina etdiyini açıqlayıb.

Abdullanı ABŞ səfərində müşayiət edən İordaniyanın xarici işlər naziri Ayman Səfadi Baydenlə görüşü "regional məsələlərin müzakirəsi üçün vacib" adlandırıb.

Danışıqlar həmçinin son vaxtlar İsraildə Qüds və onun müqəddəs yerləri, eləcə də İordan çayının qərb sahilində artan terror hücumlarını əhatə edəcək. Abdulla və Bayden arasında gözlənilən görüş kralın Əmmanda İsrail prezidenti İsaak Hersoqla regional məsələlərlə bağlı danışıqlarından təxminən altı həftə sonraya təsadüf edir. Hersoqun İordaniyaya səfəri İsrail dövlət başçısının oraya ilk rəsmi səfəri olub.

Sky News Arabia-ya danışan Səfadi İordaniyanın "Qüdsdəki status-kvonu pozan hər hansı tədbirin qanuni baxımdan etibarsız olduğu"na dair mövqeyini vurğulayaraq, İordaniyanın müsəlman və xristian müqəddəs yerlərinə nəzarəti davam etdirməsinə dair hər bir dəyişikliyi rədd edib.

Xarici işlər naziri Səfadi həmçinin İsraili bu məkanlarda, xüsusilə də yəhudilərin Məbəd dağı kimi tanıdığı Əl-Əqsa məscidi kompleksi ətrafında sakitliyi qorumağa çağırıb.

İordaniya məbədin mühafizəçisi kimi İsrail və fələstinlilər arasında gərginliyi azaltmağa çalışır və orada sakitliyin qorunması səylərində fəal iştirak edir. Lakin bölgə fələstinlilərlə İsrail polisi arasında dəfələrlə şiddətli toqquşmaların şahidi olub.

Fələstin yaraqlı qrupları Həmas və İslami Cihad da bu il Pasex və Pasxa bayramlarına təsadüf edən müsəlmanların oruc tutduğu Ramazan ayında Qüds və İordan çayının qərb sahilində hücumları gücləndirməyə çağıraraq gərginliyi qızışdırmışdı.

Bazar ertəsi kral Abdulla Nyu Yorkda xristian liderlərlə görüşüb. Elə həmin gün Kral Abdulla və Kraliça Raniya Vatikanın Birləşmiş Millətlər Təşkilatındakı missiyasının "Sülh Yolu Fondu"ndan mükafat alıb.

Mükafat onların dinlərarası dialoqun təşviq edilməsində və sülh naminə fəaliyyətindəki rolu və İordaniyanın qaçqınların qəbulunda humanitar səylərinə görə təqdim edilib.

XS
SM
MD
LG