Accessibility links

AZAL şirkətinin artan borcları və ekspert baxışları


Azərbaycanın milli aviaşirkəti "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) 2021-ci ilin əvvəlinə olan borcları açıqlanıb və bu borcların həcmi 2,18 milyard manatdan çoxdur.

"Deliotte" audit şirkətinin AZAL-ın 2020-ci il üzrə maliyyə hesabatında bildirilir ki, 1 yanvar 2021-ci ilədək AZAL-ın 2 milyard 183,79 milyon manat ekvivalentində borc öhdəliyi var. Bu borcların 1184,11 milyon manat ekvivalenti ABŞ dollarında, 672,52 milyon manatı milli valyutada və 39,39 milyon manat ekvivalenti isə avrodadır.

ABŞ dollarında olan borcların 67,2 milyon manat ekvivalenti sabit faizli müddətli borclar, 6,31 milyon manat ekvivalenti üzən faizli yerli banklardan alınmış müddətli borclar, 1 milyard 077,9 milyon manat ekvivalenti üzən faizli və 32,69 milyon manat ekvivalenti orta faizli olmaqla Azərbaycanın Maliyyə Nazirliyinə olan borclarıdır.

Milli valyutada borcların hər biri sabit faizli 624,17 milyon manatı Maliyyə Nazirliyinə və 44,27 milyon manatı yerli banklaradır.

Avro ilə olan borcların da hər biri sabit faizli olmaqla, 35,98 milyon manat ekvivalenti xarici banklar və 3,41 milyon manat ekvkvivalenti Maliyyə Nazirliyinədir.

Audit rəyində qeyd edilir ki, AZAL-ın borclarının 905,86 milyon manatı bir ildən aşağı olan və 1 milyard 277,93 milyon manat ekvivalenti 5 ilədək müddətli olan kreditlərdir.

İqtisadçı Natiq Cəfərli bildirib ki, inhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən.

"Söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir. AZAL son maliyyə hesabatını açıqlayıb, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub, halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 milyard manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur, bu vəsaiti AZAL heç qaytarmayacaq da, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik,” iqtisadçı qeyd edir.

Ekspertlər vəziyyətdən çıxış üçün ölkənin hava limanlarının daha effektiv şirkətlərə idarəetməyə verilməsini göstərir.

"Söhbət konkret AZAL-dan gedirsə köklü islahatlar lazımdır. Çünki, bu cür idarəçilik mümkün deyil. Hazırki idarəçiliyə görə Azərbycan Hava Yolları Şirkəti dövlətə xeyir gətirmir, milyonlarla borcu yaranıb. Bir neçə il bundan qabaq maliyyə amnistiyası nəticəsində onların borcu bağışlanıb. Bu cür şərait davam edə bilməz. Şirkət dövlətə xeyir verməlidir. Ödənişləri vergi formasında olmalıdır. Əgər onun vergi borcu qalırsa deməli idarəetmə sistemində səhv var və bu köklü surətdə düzəlməlidir,” ekspert Emil Quliyev bir qədər əvvəl Amerikanın Səsinə deyib.

Ekspert əsas səbəb kimi AZAL-ın inhisarçı siyasətini göstərir.

"Yəni, bu nədən ibarətdir? AZAL nümayəndələri dəfələrlə bildiriblər ki, monopolist deyillər, heç kimə təzyiq göstərmirlər. Amma AZAL-ın sisteminin özü artıq monopoliyadır. Yəni, bu nədən ibarətdir? Milli aviadaşıyıcı ilə aeroport bir şirkətin əlində cəmləşib. Mən Avropada ikinci belə ölkə tanımıram ki, belə bir hal olsun. Yəni, bu halın olması artıq rəqabət prinsiplərinə ziddir," o qeyd edib.

Emil Quliyevin fikrincə, islahatlar aeroportların özəlləşdirlməsindən və ya idarəçiliyə verilməsindən başlanmalıdır.

"Özəlləşdirmə üçün ilk addımlardan biri, aeroportla milli aviadaşıyıcının bir-birindən ayrılmasıdır. Bu, anormal bir situasiyadır və bu olmamalıdır. Aerportlar ayrıca bir subyekt kimi, kommersiya şirkəti kimi fəaliyyət göstərməlidir. Özü öz müştərilərini cəlb etməlidir, gəlirlərini qazanmalıdır və dövlətə xeyir verməlidir. AZAL aviadaşıyıcı kimi qalmalıdır. İnhisarçılıq əlindən alındıqdan sonra AZAL özü də yaşamaq üçün mübarizə aparacaq və gəlir əldə etmək üçün yeni sistem quracaq," ekspert belə düşünür.

Öz növbəsində "AZAL" şirkətindən tənqidlərlə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyiblər.

XS
SM
MD
LG