Accessibility links

Vali: Ərdəbildə adambaşına düşən gəlir İran ortalamasının yarısı qədərdir


Ərdəbil vilayəti inzibatı şurasının iclası
Ərdəbil vilayəti inzibatı şurasının iclası

Ərdəbil valisi Seyyid Hamid Amili Ərdəbil vilayətində adambaşına düşən gəlirin İran ortalamasının yarısı qədər olduğunu deyib.

Yarı-rəsmi İLNA agentliyinə istinadən, Amili şənbə günü Ərdəbil valiliyində keçirilən bir iclasda bu barədə danışıb. Ərdəbil vilayəti inzibati şurasının növbəti iclası İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri, habelə İran Parlamentinin Sosial Komissiyasının üzvlərinin iştirakı ilə təşkil olunub.

Vali iclasda deyib ki, Ərdəbil vilayəti yüksək investisiya imkanları və potensialına sahib olsa da, təəssüf ki, bu vilayətdə adambaşına düşən gəlir ölkə ortamasının yarısı qədərdir.

Seyyid Hamid Amili həmçinin Tasnim agentliyinə müsahibədə Ərdəbildə yüksək işsizlik səviyyəsinə diqqət çəkib.

"Ərdəbil vilayətində davamlı məşğulluğun inkişafını təmin etmək digər bütün mövzulardan daha vacibdir. Ərdəbildə işsizlik səviyyəsinin yüksək olduğu aşkardır. Buna görə bankların bu vilayətdə iqtisadi layihələrə hərtərəfli dəstək vermələri zəruridir," vali deyib.

İranın ən yoxsul vilayətlərindən biri olan Ərdəbil vilayətinin bir çox sakini keçən illər ərzində iş üçün İranın mərkəzi bölgələrinə üz tutub.

XS
SM
MD
LG