Accessibility links

Prokuror Cəlilabadın keçmiş icra başçısına 13 il həbs istəyib


Məhkəmə
Məhkəmə

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 13 il həbs cəzası istənilib.

İyunun 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror məhkəmədə deyib ki, sabiq icra başçısına qarşı mənimsəmə, rüşvətalma, vəzifə saxtakarlığı kimi ittihamlar məhkəmə araşdırmaları zamanı təsdiqini tapıb.

Zeynalovun vəkilləri isə dövlət ittihamçısı ilə razılaşmır.

Onlar müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

İyunun 10-da vəkillər çıxış edəcək, ardınca sabiq icra başçısı son sözünü deyəcək və hökm elan olunacaq.

Namiq Zeynalov 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, icra başçısı vəzifəsinə 2018-ci ilin fevralında təyin edilmişdi. Bundan öncə isə Zeynalov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları DTX əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

Xatırlatma

Azərbaycan hakimiyyəti ölkədə korrupsiyaya qarşı hərtərəfli mübarizə aparıldığını bildirir. Son illərdə çoxsaylı icra hakimiyyəti başçıları, yüksək vəzifəli məmurlar rüşvət və korrupsiya əməllərinə görə məhkum edilib. Hökumət korrupsiyaya qarşı mübarizə kimi gizli iqtisadiyyatın aradan qaldırılmasının vacibliyini bəyan edib.

Ekspertlər vəziyyətdən çıxış üçün vətəndaşların fəallığının artırılmasını, siyasi partiyaların mübarizədə fəal olmasını, vətəndaşların dövlət büdcəsinə özlərininki kimi baxmasını vacib sayır.

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev yanvarın 24-də keçirilən kollegiya iclasında bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2021-ci ildə 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

"Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Baş idarə tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilməklə 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub," Kamran Əliyev qeyd edib.

Transparency International beynəlxalq şəffaflıq təşkilatı yanvarın 25-də 2021-ci il üçün illik hesabtını dərc edib. Hesabatda 180 ölkənin dövlət sektorunda əhali tərəfindən korrupsiyanın dərk edilməsi səviyyəsi təqdim edilib.

Azərbaycan korrupsiya indeksində digər yeddi ölkə ilə birlikdə 128-ci yeri qoruyub saxlayıb (30 bal).

Ölkə Avropada siyasətçilərin ələ alınması, habelə ali rəhbərliyin vəsaitlərinin yuyulması ilə bağlı bir neçə korrupsiya qalmaqalında yer alıb. 2018-ci il istisna olub, həmin il korrupsiya səviyyəsi 25 bala düşüb.

XS
SM
MD
LG