Accessibility links

​​​​​​​Dini fəal 6 il azadlıqdan məhrum edilib


Dini fəal Fəqan Məmmədov altı il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə iyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Məhkəmənin hökmünə görə, Fəqan Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsilə ittiham olunub.

Prokuror onun 7 il məhkum edilməsini istəyib.

Lakin müdafiə tərəfinin Amerikanın Səsinə verdiyi məlumata görə, istintaq çoxsaylı pozuntularla aparılıb. Belə ki, şəxsi axtarış saxlanma yerində deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılıb.

Vəkil yekun çıxışında bildirib ki, Məmmədovun işgəncə altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi etirafdan başqa iş üzrə səhih sübut yoxdur.

Məmmədov ötən il sentyabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaqla müəyyən edilib ki, Məmmədovun üzərində içərisində ümumi çəkisi 8 qram metamfetamin olan 4 paket aşkar edilib.

Məmmədovla birlikdə saxlanılan fəallardan birini sərbəst buraxıblar, digəri Arif Cəfərov isə narkotik maddə ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri diqqəti ona yönəldirlər ki, Fəqan Məmmədov dindarların topladığı yardımın məhbuslara çatdırılmasında “Gəncə işi” üzrə keçən şəxslərin ailələrinə fəal köməklik edib.

Daxili İşlər Nazirliyi bu vaxta qədər saxlanılan ictimai-siyasi fəallara polisdə işgəncə verilməsi ilə bağlı iddiaları təkzib edib.

XS
SM
MD
LG