Accessibility links

Baffalo supermarketində insanları öldürən şübhəli nifrət cinayətləri ilə ittiham olunur


Baffalo supermarketində 10 qaradərilini güllələməkdə günahlandırılan 18 yaşlı ağdərili şəxs çərşənbə günü federal məhkəmədə nifrət cinayətlərində ittiham olunub. O, ölüm cəzası ilə üzləşə bilər.

Peyton Gendrona qarşı açılan cinayət şikayəti Baş prokuror Merrik Qarlandın Baffaloya səfəri ilə üst-üstə düşüb. Baş prokurorun federal ittihamlarla çıxış edəcəyi və həlak olanların ailələri ilə görüşəcəyi gözlənilir.

Garland hücumdan sonra bağlanan və təmir işləri aparılan mağazanın qarşısındakı qurbanların xatirəsinə sarı lentlə bağlanmış bir buket ağ gül qoyub.

Tops Friendly Market-də baş verən hücumda üç nəfər sağ qalıb - biri qara, ikisi isə ağdərili.

Gendronun radikal, irqçi dünyagörüşü və hücuma geniş hazırlığı onun bir müddət əvvəl internetdə yerləşdirdiyi şərhlərdə öz əksini tapıb.

Nyu-York ştatında hazırda AR-15 kimi yarı-avtomat tüfəng almadan əvvəl alıcının 21 yaşında olması tələb edilir. Əvvəllər bu kimi silahları 18 yaşlı gənclər ala bilərdi.

Demokrat qubernator Kati Hokul bazar ertəsi silahla bağlı 10 digər qanun arasında olan qanun layihəsini imzalayıb.

Bu addım mayın 14-də Baffalo ərzaq mağazasında 10 afroamerikalının ölümündən əlavə mayın 24-də Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə 19 uşaq və 2 müəllimin ölümü ilə nəticələnən silahlı hücum da daxil olmaqla, kütləvi qırğın dalğasına qarşıdır.

XS
SM
MD
LG