Accessibility links

Ali Məhkəmə və Avropa Şurası nümayəndələri insan hüquqları məsələlərini müzakirə edib


Ali Məhmkəmədə və Avropa Şurası nümayəndələri ilə görüş

Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərovun Avropa Şurasındakı bir sıra ölkələrin nümayəndəliklərinin rəhbərlərilə görüşündə Azərbaycanda hüquqi islahatlar və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Ali Məhkəməsinin məlumatında deyilir ki, görüşdə Avropa Şurası Nümayəndələr Komitəsinin demokratiya üzrə məruzəçilər qrupunun sədri, İsveçin Avropa Şurasındakı daimi nümayəndəsi Martin Ehnberq, Türkiyə, Estoniya və Finlandiyanın bu təşkilatdakı daimi nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Ali Məhkəmədə struktur dəyişiklikləri barədə məlumat verən Əsgərov bildirib ki, Ali Məhkəmə aparatında məhkəmə işlərinin idarə edilməsi üzrə şöbə yaradılıb.

Bu qurum həm Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, həm də Ali Məhkəmənin qərarlarında Konvensiyanın tələblərinin əks olunmasına institusional dəstək göstərməklə məhkəmənin işinə əhəmiyyətli töhfə verir.

Çingiz Əsgərov qeyd edib ki, Avropa Şurası institutları ilə işgüzar əlaqələrin genişləndirilməsinə, eləcə də təşkilata üzv ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilir.

Bu mənada o, Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illərə dair Fəaliyyət Planını qeyd edib.

Avropa Şurası nümayəndə heyətinin rəhbəri Martin Ehnberq Azərbaycanla Avropa Şurası arasında əlaqələrin birbaşa dialoq formasında daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına kömək edəcək.

"Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan hüquqlarının təmin olunması və bu sahədə məhkəmələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsilə bağlı faydalı müzakirələr aparılıb," Ali Məhkəmənin məlumatında bildirilir.

Xatırladaq ki, iyunun 10-da Avropa Şurası Nazirlər Komitəsi jurnalistlərin və fəalların işləri üzrə Strasburq məhkəməsinin qərarlarının icrası ilə bağlı Azərbaycana dair iki qətnamə qəbul edib.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, onlardan biri araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına və reputasiyasına, habelə ifadə azadlığına hörmət hüququnun pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə əlaqədardır.

Şikayət jurnalistə qarşı hədələr, şantaj, həmçinin onun intim kadrlarının internetdə yayılması ilə bağlıdır.

Nazirlər Komitəsi hökumətə jurnalistlərə qarşı cinayətlərlə bağlı tədbirlərin görülməsini, bu əməllərin onların peşə fəaliyyətilə mümkün əlaqəsinin araşdırılmasını təklif edib.

İkinci qətnamə "Anar Məmmədlinin qrupu" işinə aiddir, orada 2013-2016-cı illərdə həbs edilmiş 9 fəalın və jurnalistin işləri toplanıb.

Avropa İnsan Hüquqları Məhkəməsi bu işlərdə onları cəzalandırmaq və susdurmaq məqsədilə cinayət qanunundan sui-istifadə edildiyini, əsasən 5-ci və 18-ci maddələr üzrə hüquqlarının pozulduğunu tanıyıb.

Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova (2), Leyla və Arif Yunuslar, Bayram Məmmədov (mərhum), Qiyas İbrahimli, Məmməd Əzizov və Şahin Novruzlunun işləri üzrə qərarlarından gedir.

Nazirlər Komitəsi ərizəçilərə kompensasiyanın ödənildiyini qeyd edərək, eyni zamanda onların tam bəraət almadığını və onların üzərindən məhkumluğun götürülmədiyini bildirir.

Hökumətə təklif olunub ki, avqustun 1-dək görülmüş tədbirlər barədə məlumat verilsin, çünki sentyabrda Nazirlər Komitəsi qeyd olunan işlərə yenidən baxacaq.

Hüquqşünas Xalid Ağalıyev Nazirlər Komitəsinin qərarlarını şərh edərkən qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana dair qərarlarının icrası ilə bağlı məsələlər bu qurumun gündəmində qalır.

“Bundan əlavə, əgər əvvəllər tədbir görmək üçün hökumətə daha çox vaxt verilirdisə, indi “Anar Məmmədlinin qrupu” işi üzrə avqustun 1-nə qədər vaxt verilib. Bu o deməkdir ki, irəliləyiş olmasa, sentyabrda Nazirlər Komitəsi daha sərt tələblərlə yeni qətnamə qəbul edəcək,” hüquqşünas belə hesab edir.

Avropa Şurası Nazirlər Komitəsinin son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb. 265 qərarın icrasına nəzarət davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Gürcüstanda hökumətin istefasını tələb edən yeni kütləvi mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG