Accessibility links

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti vəfat edib


Eldar Salayev
Eldar Salayev

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Eldar Salayev iyunun 20-də vəfat edib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Eldar Salayev 1983-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. O, keçmiş SSRİ Ali Sovetinin deputatı (1984-1992) və Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Eldar Salayev 31 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olub.

1956-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini bitirib. O, 1975-ci ildə elmlər doktoru dərəcəsi, 1979-cu ildə professor elmi adını alıb, 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilib.

Eldar Salayev yarımkeçiricilər fizikası, kvant elektronikası və fotoelektronika sahəsində mütəxəssis kimi tanınıb.

O, Azərbaycan Milli İstiqlal Partiyasının qurucularındandır. 2005-ci il oktyabrın 18-də dövlət çevrilişinə və kütləvi iğtişaşlara hazırlıqda ittiham edilərək həbs edilib.

Baş Prokurorun keçmiş birinci müavini Rüstəm Usubov 2005-ci il oktyabrın 19-da Milli Məclisə təqdimatında bildirib ki, Milli Məclisin deputatı Salayev hakimiyyəti ələ keçirmək məqsədilə mühacirətdə olan parlamentin eks-spikeri Rəsul Quliyevlə əlbir olub.

Eldar Salayevin həbsinə etiraz olaraq çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin Rusiyada çoxsaylı alimlər etiraz bəyanatları verib.

Qısa müddət həbsdə qaldıqdan sonra o, 2005-ci il noyabrın 22-də həbsdən azad edilib. Eldar Salayev o zaman Amerikanın Səsinə həbsinin siyasi sifariş olduğunu bildirib.

XS
SM
MD
LG