Accessibility links

BMT Ukraynanın 30 şəhərində dinc əhalinin öldürüldüyünü təsdiqləyib


Ukrayna polisinin verdiyi məlumata görə, məhkəmə-tibb ekspertləri Rusiyanın işğalı zamanı Ukraynada Kyiv yaxınlığndakı Buça rayonunun Vorzel kəndi yaxınlığında rus qoşunlarının mövqeyində öldürülmüş və basdırılmış şəxsin cəsədini aparırlar, 13 iyun 2022-ci il .
Ukrayna polisinin verdiyi məlumata görə, məhkəmə-tibb ekspertləri Rusiyanın işğalı zamanı Ukraynada Kyiv yaxınlığndakı Buça rayonunun Vorzel kəndi yaxınlığında rus qoşunlarının mövqeyində öldürülmüş və basdırılmış şəxsin cəsədini aparırlar, 13 iyun 2022-ci il .

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi Ukraynada müharibə zamanı insan haqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib. Hesabat fevralın 24-dən mayın 15-dək olan dövrü əhatə edir.

BMT ekspertləri bu müddət ərzində 3924 mülki şəxsin öldüyünü, 4444 nəfərin yaralandığını qeydə alıb. Qeyd olunur ki, bu rəqəmlərə yalnız tam təsdiq oluna bilən hallar daxil olduğundan, faktiki qurbanların sayı xeyli çoxdur.

Bu müddət ərzində monitorinq missiyasının üzvləri Ukraynanın 30-dan çox şəhərində 300-dən çox mülki şəxsin “ehtimal ki, Rusiya hərbçiləri tərəfindən törədildiyi” hərbi əməliyyatlar xaricində qətlə yetirilməsi ilə bağlı məlumat əldə edib. “Təkcə Buçada şəhər işğal altında olarkən ən azı 50 mülki şəxsin Rusiya silahlı qüvvələri tərəfindən öldürüldüyü sənədləşdirilib”, - hesabatda deyilir.

BMT həmçinin 78 zorlama da daxil olmaqla 108 mümkün cinsi zorakılıq hadisəsi barədə məlumat əldə edib. Onlardan 23-ü, o cümlədən qrup şəklində zorlama, işgəncə, ictimai yerlərdə çılpaq soyundurulma və cinsi zorakılıqla hədələmələr olduğunu ekspertlər təsdiqləyə bilib. Hesabatda qeyd olunur ki, qurbanlardan 13-ü kişi, 9-u qadın, biri isə qızdır.

Bu cinayətlərin əksəriyyəti, yəni 87-si Rusiya hərbçiləri tərəfindən törədilib, lakin bəziləri də Ukrayna Silahlı Qüvvələrinin, ərazi müdafiəsi və Ukrayna hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən törədilib, BMT ekspertləri vurğulayırlar.

Hesabatda hər iki döyüşən tərəfin hərbi əsirlərlə rəftar qaydalarını pozması məsələsinə də toxunulur. BMT məhkəmədənkənar edamlar, işgəncələr, pis rəftar və tibbi yardımdan imtina hallarını sənədləşdirib.

Həmçinin hərbi əməliyyatlar nəticəsində 182 tibb və 230 təhsil müəssisəsi dağıdılıb və ya zədələnib. BMT Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə baş verən həbslər və oğurluqlardan narahatdır. Mütəxəssislər 248 belə hadisəni aşkar edib, altı qurbanın (bir qadın və beş kişi) meyiti tapılıb.

Monitorinq missiyası Ukrayna hüquq-mühafizə orqanları tərəfindən 12 adam oğurluğu faktını qeydə alıb.

İyunun sonunda BMT-nin məlumatına görə, Ukraynada 4731 dinc sakin həlak olub, daha 5900 nəfər yaralanıb. Ölənlər arasında 289 uşaq da var.

XS
SM
MD
LG