Accessibility links

Zəncanda iqtisadi vəziyyətlə bağlı etirazlar davam edir


İranın bir çox bölgəsində fərqli peşə qrupları iqtisadi vəziyyətlə əlaqədar aksiya keçirməkdə davam edirlər. Keçən bir neçə gün ərzində Zəncan vilayətində təqaüdçülər və səhiyyə işçiləri daxil olmaqla müxtəlif qruplar piket keçiriblər.

Sosial şəbəkələrdə yayılan xəbərlər və videogörüntülərə istinadən, Zəncanda bazar günü mitinq keçirən səhiyyə işçiləri pandemiya dönəmində müvəqqəti müqavilələrlə çalışan tibb bacılarının işdən çıxarılmasına etiraz bildiriblər.

Keçən illərdə İranın müxtəlif bölgələrində dövlətin tibb bacısı layihəsi çərçivəsində müvəqqəti müqavilələr ilə çalışan şəxslərin müqaviləsi pandemiya səbəbilə uzadılmışdı. Sözügedən tibb bacıları pandemiya ilə əlaqədar vəziyyətin yaxşılaşması ilə bərabər tədricən işdən çıxarılırlar.

Sosial şəbəkələrdə yayılan bir videogörüntüdə nümayişə qatılan bir tibb bacısının həm dövlət rəsmiləri, həm əhalidən dəstək istədiyi görünür. “İndi ki, öz işləri həll oldu, bizə deyirlər buyurun gedin. Bizim haqqımız budurmu? Bunun harası ədalətdir? Bu insanlıqdan və əxlaqdan uzaq bir işdir. Buraya toplaşdıq ki, həm məsullara həm də əhaliyə deyək ki, mediada deyilənlərin hamısı yalandır. Ey əhali, sizin dəstəyinizi istəyirik,” nümayişçilər adından danışan tibb bacısı bildirib.

Zəncanlı tibb bacıları iyulun 3-də Zəncan valiliyi və Zəncan Tibb Universitetinin önündə piket keçiriblər.

“İran İşçilərinin Azad Birliyi”nin Telegram kanalında yayılan məlumata görə, Zəncanda Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər isə növbəti aksiyalarını iyul ayının 2-də təşkil ediblər.

XS
SM
MD
LG