Accessibility links

Azərbaycanda banklar avronu dollardan ucuza dəyişir


Ötən ilin sonundan bəri 19 ölkədən oluşan avrozonanın rəsmi valyutası - avro digər valyutalarla müqayisədə ucuzlaşır. Azərbaycan Mərkəzi Bankının açıqladığı valyuta məzənnələrində də avronun dəyərcə dollarla, demək olar, bərabərləşdiyi gözə çarpır. Mərkəzi Bankın iyulun 14-ə açıqladığı məzənnəyə görə, 1 ABŞ dolları 1.70 manat, 1 avro isə 1.7040 manatdır. 2022-ci ilin ilk iş günündə 1 avro 1.92 manat olub. Bu o deməkdir ki, ilin əvvəlindən bəri avro manata qarşı 11 faizdən çox ucuzlaşıb. Ötən ilin eyni günü - 2021-ci il iyulun 14-də isə 1 avro 2 manat idi. Onu da qeyd etmək lazımdır ki, Mərkəzi Bankın məzənnəsinə görə, dollar və avro dəyərcə bir-birinə yaxın olsa da, banklarda avro dollara nəzərən daha aşağı məzənnə ilə qəbul edilir. Hazırda kommersiya banklarının əksəriyyətində dollar 1.6970-1.70 intervalındakı məzənnələr ilə dəyişdirilir. Bankların çoxu avronu, əsasən, 1.68-1.69 intervalındakı məzənnə ilə dəyişməkdədir.
Avronun manatla müqayisədə ucuzlaşması da birbaşa dollarla bağlıdır. Azərbaycanın rəsmi valyutası olan manatın məzənnəsi artıq uzun müddətdir dollara bağlandığından dünya bazarlarında dolların avroya qarşı bahalaşması, avronun manat qarşısında da dəyər itirməsinə səbəb olur. Manatın dollar qarşısında məzənnəsi 2018-ci il martın 7-dən bəri 1 manat 70 qəpikdir, başqa deyimlə, dörd ildən çoxdur ki, manatla dolların məzənnəsi 1 qəpik də olsa, dəyişməyib. Manat-dollar məzənnəsi uzun müddətdir sabit qalsa da, Azərbaycanda manatın dəyərsizləşməsi qorxusu tez-tez gündəmə gəlir. Özəlliklə neft qiymətlərinin ucuzlaşdığı dövrlərdə bu tip müzakirələr daha da canlanır. Azərbaycan hökuməti 2020-ci ildə üzən məzənnəyə keçiləcəyini açıqlasa da, hələ də buna nail ola bilməyib. Axı Azərbaycanın ixracının 90 faizindən çoxu hələ də neft-qaz sənayesi hesabına formalaşır. Büdcə gəlirlərinin də təxminən yarısı birbaşa Neft Fondunun transferlərinin payına düşür. Dolayı təsirlər də nəzərə alınsa, bu pay daha da artar. Bu üzdən, manatın məzənnəsi uzun müddət dondurulsa da, ölkədə qeyri-neft sektorunun zəif inkişafı və neft sektorundan başqa digər sahələrin ölkəyə ciddi həcmdə valyuta gətirə bilməməsi manatın məzənnəsini daim risk altında saxlayır.

Avro və dolların məzənnəcə bir-birinə bu qədər yaxınlığı son dəfə 20 il öncə qeydə alınıb. Avronun döviyyəyə buraxıldığı 2002-ci ildə ilk dövrlər avro və dollar məzənnəcə bir-birinə yaxın olsa da, sonrakı dövrdə avro dollardan daha baha valyutaya çevrilmişdi.

Avro niyə ucuzlaşır?

Beynəlxalq iqtisadi qurumların analitikləri avronun ucuzlaşmasına ən çox təsir göstərən bir neçə amili vurğulayırlar. Bunlardan biri Avropa iqtisadiyyatı ilə bağlı gözləntilərin pisləşməsidir.

Rusiya-Ukrayna müharibəsi, təbii ki, ön palana keçir, axı savaşın gedişində Avropanın Rusiya enerji resurslarından ciddi asılılığı tam üzə çıxıb və bu, Avropa iqtisadiyyatı ilə bağlı riskləri artırıb. Ekspertlərin fikrincə, Rusiya Avropaya satdığı qazı tam dayandırsa, Avropada sənayenin fəaliyyəti kəskin şəkildə zəifləyər.

Avropa Mərkəzi Bankının pul siyasəti də avronun məzənnəsinə təsir göstərir. Son illər inflyasiya qlobal iqtisadiyyatın ən ciddi probleminə çevrilib. Qiymətlər sürətlə bahalaşdığından əksər ölkələrin mərkəzi bankları uçot dərəcələrini artırmaq qərarına gəlir. Bu baxımdan ABŞ Federal Ehtiyatlar Sistemi (FED) də çox seçilir. FED iyun ayında faiz dərəcələrini 0.75 bənd artırıb. Bu, son 28 ildə qeydə alınan ən yüksək artım deməkdir. Deməli, indi ABŞ dollarının bir çox valyutayla müqayisədə bahalaşması FED-in siyasətindən də qaynaqlanır. Ancaq bir çox mərkəzi bankdan fərqli olaraq, Avropa Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı aktiv siyasət aparmır. Məhz bu amil avronu dəyərsizləşdirən əsas səbəblərdən biridir. Bu baxımdan, bir çox ekspert Avropa Mərkəzi Bankının aktiv müdaxiləsi başlayanadək avronun ucuzlaşmasının davam edəcəyini düşünür.

Onu da nəzərə almaq lazımdır ki, avronun dəyər itirməsi Avropada onsuz da yüksək olan inflyasiya göstəricilərini daha da artırır, axı milli valyuta ucuzlaşdığından özəlliklə idxalına dollar ödənilən məhsullar bahalaşır. Unutmaq olmaz ki, son onillər boyunca, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Avropadakı dövlətlərdə də inflyasiya rekordları qırılır. Ötən ay avrozonada inflyasiya 8 faizi aşıb. Baltikboyu ölkələr inflyasiya göstəricisi baxımından özəlliklə seçilir. Valyutanın dəyər itirməsi ilə yanaşı, enerji qiymətlərindəki kəskin artım da bir çox sahələrdə qiymətlərin sürətlə bahalaşmasına yol açır.

Digər tərəfdən, dolların bahalaşması qiyməti dünya birjalarında müəyyənləşən məhsulları ucuzlaşdırır. Dolların bahalaşmasından sonra birjalarda neft və neft məhsullarının 15-20 faiz, təbii qazın 30 faiz, qiymətli metalların 7-10 faiz, əlvan metalların 10-23 faiz, taxıl məhsullarının 10-20 faiz ucuzlaşması gözə çarpıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG