Accessibility links

Abid Qafarovun vəkili: Baş verənlər deməyə əsas verir ki, bu, siyasi prosesdir, məhkəmə kimlər tərəfindənsə idarə olunur


Abid Qafarov
Abid Qafarov

İyulun 13-də Yasamal Rayon Məhkəməsinin hökmü ilə "Bakı Birlik Təşkilatı" ictimai birliyinin sədri, KİM.TV YouTube kanalının aparıcısı, "Tərtər işi" üzrə ardıcıl araşdırma aparan Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan (cinayət məcəlləsinin 147-ci maddəsi) və təhqirdə (148-ci maddədə) ittiham edilirdi.

Qafarova qarşı İkinci Qarabağ Müharibəsi veteranlarından ibarət qrup iddia qaldırıb. Onlar iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları “müti” adlandırıb. Müdafiə tərəfi bildirir ki, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğrunda mübarizə aparmadıqlarına görə, onları qınayıb.

Abid Qafarovun həbsi ilə bağlı onun vəkili Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, müdafiə etdiyi şəxsin həbsində siyasi motivlər var:

Abid Qafarovun vəkili Elçin Sadıqovla müsahibə
please wait

No media source currently available

0:00 0:05:23 0:00

“Xüsusi ittiham qaydasında şikayətin özü qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdı. Biz xüsusi ittihamçılardan soruşdanda onlar bir-birini əvvəldən tanımadıqlarını bildirdilər, amma necə ola bilərdi ki, bir-birini tanımayan şəxslər eyni gündə bir vəkillə müqavilə bağlayıblar. Bu, onu deməyə əsas verir ki, bu, artıq siyasi prosesdir, kimlər tərəfindənsə məhkəmə idarə olunur”.

Vəkilin sözlərinə görə işə iyulun 6-da qoşulmasına baxmayaraq, məhkəmə ona işlə tanış olmaq üçün 15 dəqiqə vaxt verib, o, isə buna etiraz olaraq məhkəmə zalını tərk edib.

“Qanunvericilikdə göstərilir ki, əgər müdafiəçi 6 saatdan artıq gəlmədikdə 6 saatdan sonra yenə müdafiəçi təyin edə bilər. Ancaq biz hesab edirik ki, məhkəməyə həbslə bağlı sifariş gəlmişdi. Məhkəmə həmin gün dövlət hesabına 2 dəfə müdaifəçi təyin edib və saat 6-dan sonra qərar verilib ki, iş ekspertizaya göndərilsin. İş iyulun 7-də gedib ekspertizaya, iyulun 8-də artıq hazır ekspertiza rəyi ilə iş məhkəməyə daxil olub. İndiyənə qədər belə bir hal Azərbaycan praktikasında olmayıb”, deyə vəkil bildirib.

Elçin Sadıqov deyir ki, işə Aqil Layıc da vəkil olaraq qoşulmuşdu, lakin məhkəmə ona da işlə tanış olmaq üçün vaxt verilməyib. Onun sözlərinə görə iyulun 13-də keçirilən prosesdə məhkəmə onların heç bir vəsatətini təmin etməyib:

“Məhkəmə şərait yaradırdı ki, qazilər bizə qarşı aqressiv davransınlar. Biz etiraz etsək də məhkəmə heç bir ciddi tədbirlər görmürdü və həmin şəxsləri zaldan çıxarmırdı. Həmin şəxslər isə öz hərəkətlərini davam etdirməyə çalışırdılar. Məhkəmə hər iki maddə üzrə 147.1 və 148-ci maddələr üzrə maksimum cəza həddi 6 ay olduğu halda, məhkəmə həmin cəzaları tam topladı, xüsusi ittiham qaydasında şikayətdə necə göstərilmişdisə elə və 1 il azadlıqdan məhrum edilmə cəzası təyin elədi”.

Vəkil bildirib ki, Abid Qafarovun İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 6-cı maddəsi, o cümlədən də Konstitusiyanın 60-cı maddəsinin Ədalətli mühakimə olunmağa təminat verən hüquqları pozulub.

“Ədalətli mühakimə ümumiyyətlə təmin olunmadı, ona görə ki, məhkəmə bizə çıxışa da hazırlaşmağa vaxt vermədi və Abid Qafarova son söz üçün çıxış etməyə də imkan verilmədi. Halbuki, Konstitusiyada əlavələr olunub ki, hər kəs məhkum edilməzdən əvvəl məhkəmə tərəfindən dinlənilmə hüququna malikdir və bu, hüquq mütləq təmin olunmalıdır. Məhkəmə heç bir hüquqa əhəmiyyət vermədi. Artıq hökm elan olunanda axşam saat 8-ə işləyirdi və Penitensiar Xidmətin konvoyları gözləyirdi, Abid Qafarov polisə yox, birbaşa təcridxanaya aparıldı. Bu, onu deməyə əsas verir ki, hökm hazır idi və konvoya da demişdilər ki, gözləsinlər, ona görə ki, Abid Qafarovu təcridxanaya aparmalı idilər”, deyə Sadıqov bildirib.

Elçin Sadıqov Abid Qafarovun həbsinin “Tərtər hadisələri” ilə bağlı araşdırmalarına görə olduğunu, buna görə hökumətin ondan qisas aldığını hesab edir:

“Təəssüf ki, ondan bu yolla qisas aldılar. Abid Qafarovun həm də öz fikrini ifadə etmək azadlığı pozulub, Konvensiyanın 10-cu maddəsi buna təminat verilir. O, cümlədən Konvensiyanın 18-ci maddəsinin pozulduğunu hesab edirik, çünki bu təkcə ifadə azadlığının həyata keçirilən müdaxilə yox, siyasi bir müdaxilə idi”.

Xatırlatma

2017-ci ildə açılan və ötən il yenilənən həmin cinayət işində bir çox hərbi qulluqçular dövlətə xəyanətdə günahlandırılıblar. Sonradan Baş Prokurorluq həmin işdə təqsirilndirilən bir çox hərbi qulluqçuların işgəncəyə məruz qalmasını və bu işlə bağlı həbs edilənlərin də olduğu açıqlayıb. Hazırda yenilənən istintaqın davam etdiyi və zərərçəkənlərin sayının artdığı deyilir. Amma həmin zaman həlak olan və sonradan bəraət alan bəzi hərbi qulluqçuların yaxınları iddia edirlər ki, işgəncələrdə əsas məsuliyyət daşıyanlar cəzadan kənarda qalıb.

Milli Məclisin deputatı Cavid Osmanov Abid Qafarovu müharibə iştirakçılarına qarşı etik davranış qaydalarını pozmaqda, onları alçaltmaqda ittiham edib:

“Təəssüf ki, bir qrup qaragüruh qüvvələr qazilərimizdən çirkin niyyətləri üçün istifadə edirlər. Belələrindən biri də “Kim Tv”nin rəhbəri Adil Qafarovdur. O, qazilərimizi küçələrə çıxmağa səsləyib. Kimlər küçəyə çıxmırsa, onların səsinə səs vermirsə, həmin qaziləri “müti” adlandırıb. Əlbəttə, qazilərimiz belələrinin yanında yer almırlar, bundan sonra da yer almayacaqlar”.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG