Prezident Co Bayden bazar ertəsi bildirib ki, ABŞ-ın həftəsonu endirdiyi raket zərbəsi nəticəsində dünyada ən çox axtarılan terrorçulardan biri olan Əl-Qaidə lideri Ayman Əl-Zəvahiri öldürülüb.
O, 2001-ci il sentyabrın 11-də ABŞ ərazisinə edilən hücumlardan sonra bütün dünyada şəbəkələr yaradan təhlükəli islamçı terror qruplaşması olan Əl-Qaidənin başçısı kimi planetdə ən çox axtarılan adam idi.
Prezident Co Bayden bildirib ki, o, artıq təhlükəli deyil.
"Ədalət bərqərar oldu və bu terrorçu lider artıq yoxdur. Dünyanın hər yerində insanların artıq qəddar və qətiyyətli qatildən qorxmasına ehtiyac yoxdur. Birləşmiş Ştatlar Amerika xalqını bizə zərər vermək istəyənlərdən qorumaq üçün qətiyyətimizi və bacarığımızı nümayiş etdirməkdə davam edir. Bu gecə bir daha açıqlayırıq: nə qədər vaxt aparsa da, harda gizlənsəniz də, xalqımız üçün təhlükə olsanız, ABŞ sizi tapıb üzə çıxaracaq" – deyə, ABŞ prezidenti qeyd edib.
ABŞ-ın bazar günü səhər Kabildə Əz-Zəvahirinin ölümülə nəticələnən raket zərbəsi Əfqanıstanda iyirmi ildən sonra ABŞ və NATO qoşunlarının çıxarılmasından bir il əvvəl nəzarəti ələ keçirən Taliban hökumətinin qəzəbinə səbəb olub.
Ağ Evin yüksək səviyyəli rəsmiləri əməliyyatın Kabildəki bir evi hədəf aldığını və pilotsuz uçuş aparatı vasitəsi ilə keçirildiyini, ərazidə ABŞ-ın heç bir personalının olmadığını bildirib. Administrasiya rəsmiləri həmçinin bildiriblər ki, onlar yalnız əz-Zəvahirinin öldürüldüyünə dair "yüksək inamla" nəticəyə gəliblər və Talibanın Haqqani şəbəkəsinin yüksək səviyyəli üzvlərinin onun Əfqanıstanda olduğunu bildiyindən xəbərdardırlar. Rəsmilər hücumdan əvvəl Talibanı xəbərdar etmədiklərini bildiriblər.
Qrupun sözçüsü bunu "beynəlxalq prinsiplərin və Taliban liderlərinin ABŞ və Qərb liderləri ilə növbəti ildə Qətərdə ABŞ və müttəfiq qoşunlarının çıxarılması ilə bağlı apardıqları 2020-ci il danışıqları nəticəsində Doha razılaşmasının açıq-aşkar pozulması" kimi qınayıb.
"Əfqanıstan İslam Əmirliyi hər hansı bəhanə ilə bu hücumu qətiyyətlə pisləyir" – deyə, Taliban sözçüsü Zəbihullah Mücahid açıqlayıb.
ABŞ 11 sentyabr hücumlarından qısa müddət sonra Əfqanıstana müdaxilə edib və əsas hədəf Əl-Qaidə lideri Usama bin Laden olub. ABŞ qüvvələri onu 2011-ci ildə Pakistanda öldürüb.
Misir əsilli cərrah və bir zamanlar bin Ladenin həkimi olan əz-Zəvahiri 2011-ci ildə terror qruplaşmasının başına keçib.
Bayden bu qətlin yeni dövrə gətirib çıxara biləcəyini deyib.
"İndi biz Əl-Qaidə əmirini aradan götürdük. O, bir daha heç vaxt - bir daha heç vaxt - Əfqanıstanın terrorçuların təhlükəsiz sığınacağına çevrilməsinə imkan verməyəcək, çünki oartıq yoxdur və biz başqa heç nəyin baş verməsinə əmin olacağıq. Bilirsiniz, bu, ABŞ-a qarşı hücum meydançası ola bilməz. Bunun baş verməyəcəyinə əmin olacağıq" – deyə, Bayden qeyd edib.
Bu arada, son illərdə Əl-Qaidə Yaxın Şərq, Qərbi və Şərqi Afrika və Cənubi Asiyada genişlənməyə davam edib.