Accessibility links

Türkiyədəki əfqan miqrantlar deportasiyaların artmasından narahatdırlar


Türkiyədəki əfqan miqrantlar deportasiyaların artmasından narahatdırlar
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Türkiyədəki əfqan miqrantlar deportasiyaların artmasından narahatdırlar

Ötən il Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra minlərlə əfqan Türkiyəyə sığınıb. Onların çoxu indi geri göndəriləcəklərindən narahat olduqlarını deyirlər.

Məhəmməd Babai 2019-cu ildən bəri daha yaxşı həyat üçün qeyri-qanuni yollarla Türkiyəyə daxil olan minlərlə əfqandan biridir. O, Türkiyəyə İrandan çoxlarının Avropaya çatmaq ümidi ilə istifadə etdiyi yolla keçib.

"İqtisadiyyat, iş, heç nə yox idi. 40 illik müharibə var idi, heç nəyimiz qalmamışdı. Əfqanıstanda heç nə yoxdur. Biz bura işləməyə gəlmişik. Buradan Almaniyaya getmək istəyirdim. Bacarmadım, Türkiyədə qaldım" – deyə, Babai qeyd edib.

O, son üç ildir ki, Türkiyənin şərqində kiçik bir kənddə yaşayır. Südçülük fermasında az maaşla işləsə də, o, Əfqanıstandakı ailəsinə bir qədər pul göndərə bilib.

Amma Babai daim deportasiya qorxusu ilə yaşadığını deyir.

"Ehtiyac olmadığı halda şəhərin mərkəzinə getməkdən çəkinirəm. Vacib işim olanda gedirəm, amma çox qalmıram. İşim bitən kimi qayıdıram" – deyə, o əlavə edib.

Türkiyə əsasən müvəqqəti himayə altında olan suriyalılardan ibarət 4 milyona yaxın qaçqını qəbul etsə də, rəsmi olaraq yalnız Avropa Şurasına üzv ölkələrdən olan qaçqınları qəbul edir. Sənədsiz əfqanlar deportasiya riski ilə üzləşirlər, çünki Ankara onları qanuni olaraq qaçqın kimi tanımır.

Yanvarın sonunda Türkiyə ilə Talibanın nəzarətində olan Əfqanıstan arasında uçuşların bərpası ilə Türkiyənin deportasiyaların sayını artırdığı bildirilir. Türkiyə mediasıınn verdiyi məlumata görə, yanvarın sonundan iyunun ortalarına qədər Türkiyə ən azı 21 min əfqanı deportasiya edib. Babai deyir ki, deportasiya edilənlər arasında onun bir neçə dostu da olub.

Ekspertlər deyirlər ki, Türkiyədəki bəzi əfqanlar əvvəllər Taliban tərəfindən hədəfə alınanlar da daxil olmaqla, öz iradələri olmadan geri qaytarılır.

"Deportasiya Mərkəzində saxlanılan əfqanların deportasiya sənədlərini imzalamağa məcbur edilməsi ilə bağlı şikayətlər daxil olub. Deportasiya Mərkəzinə gedib əcnəbilərdən müsahibə alanda bu, öz təsdiqini tapıb" – deyə, İzmir Vəkillər kollegiyasından Ayşe Kaymak bildirib.

Türkiyədə gələn il keçiriləcək parlament və prezident seçkilərindən öncə deportasiya məsələsi əsas siyasi məsələlərdən biridir.

Türkiyənin müxalifət partiyaları ölkədə yaşayan 4 milyona yaxın qaçqını, o cümlədən Türkiyədə müvəqqəti himayə altında olan 3,7 milyon suriyalını deportasiya edəcəyini vəd edir.

Babai Əfqanıstana qayıtmaq istəmir. Onun sözlərinə görə, Taliban orada onun üçün heç nə qoymayıb. O deyir ki, Türkiyə hökuməti deportasiya üçün onun kimi əfqan qaçqınları hədəf almamalıdır.

"Əfqanlar arasında yaxşısı da var, pisi də var. İşləməyənləri geri göndərsinlər. İşləyənlər işləsinlər. Heç bir problem yoxdur. Bu, Türkiyənin xeyrinə olardı. Mən qalmaq istəyirəm; işləmək istəyirəm, çünki orada bizim torpaqlarımızda müharibədir. Taliban oranı ələ keçirəndən bəri bütün xalqımız qaçıb. Heç bir şey qalmayıb, ora gedə bilmərik" – deyə, Türkiyədə yaşayan əfqan miqrant Məhəmməd Babai bildirib.

XS
SM
MD
LG