Accessibility links

Con Herbst: Cənubi Qafqazda sabitlik ABŞ-ın siyasi gündəmində yüksək yer tutur


Con Herbst: Cənubi Qafqazda sabitlik ABŞ-ın siyasi gündəmində yüksək yer tutur
please wait

No media source currently available

0:00 0:07:09 0:00

Con Herbst: Cənubi Qafqazda sabitlik ABŞ-ın siyasi gündəmində yüksək yer tutur

Vaşinqtonda Atlantik Şuranın Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynada və Özbəkistanda keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibə Azərbaycan və Ermənistan arasında son gərginlik, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülhə nail olunması səylərində rolu və Ukraynada müharibənin post-sovet məkanında təsirlərini şərh edib.

Amerikanın Səsi: ABŞ Qarabağda və onun ətrafında intensiv döyüşlər barədə xəbərlərdən dərin narahatlığını ifadə edib və hər iki tərəfi gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırıb. Azərbaycan və Ermənistan bir-birini Dağlıq Qarabağda atəşkəsi pozmaqda ittiham edib. Son gərginlik Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı və Rusiya və Azərbaycan müdafiə nazirləri arasında ayrıca telefon danışığından bir gün sonra baş verib. Bu həftənin əvvəlində həmçinin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə iki ölkə arasında normallaşma istiqamətində son səyləri müzakirə etmək üçün ayrı-ayırılıqda telefon söhbəti aparıb. Hazırkı vəziyyətdə risklər nədən ibarətdir və vəziyyət nə dərəcədə təhlükəlidir?

Con Herbst: Demək istəyirəm ki, Dağlıq Qarabağda vəziyyət 30 ildən artıqdır ki, narahatlıq doğurur. Və son döyüşlər bir daha onun göstəricisidir ki, iki il əvvəlki müharibə bütün vəziyyəti dəyişib, amma əslində münaqişə həll olunmayıb. Yaxşı olardı ki, hər iki tərəf bir-birinə atəş açmağı dayandırsın. Buna görə də Karen Donfridin, eyni zamanda rusların niyə sakitliyə çağırdığını mən başa düşürəm. Lakin sakitliyə çağırmaq, onların sakitliyə nail olmasına kömək etməklə eyni deyil.

Amerikanın Səsi: Səfir Herbst, bununla yanaşı keçən həftə dövlət katibi Antoni Blinken prezident Əliyev və baş nazir Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı regionda sülhün bərqərar olması üçün “tarixi fürsəti” müzakirə edib. ABŞ-ın həm Azərbaycan, həm də Ermənistanla əlaqələri hansı səviyyədədir?

Con Herbst: Mən 90-cı illərdə hökumətdə olduğum vaxtdan uzun müddət Avrasiya ilə məşğul olmuşam. ABŞ [regionda] rol oynayır və mən deyərdim ki, orta dərəcədə aktiv rol oynayır, çox aktiv deyil. Düşünürəm ki, daha çox diqqət göstərilməsi faydalı olardı, amma həqiqətən də bu administrasiyanın ciddi diqqət yetirdiyini düşünürəm. Onu nəzərdə tuturam ki, Bill Burns bu ilin əvvəlində [regiona] səfər etmişdi. Sizin qeyd etdiyiniz kimi, Karen Donfrid hər iki paytaxtda xarici işlər nazirləri ilə əlaqə saxlayıb, Blinken də əlaqə saxlayıb. Beləliklə, bu, bizim siyasi gündəmimizdə yüksək yer tutur, bəlkə də ən yüksək deyil, lakin ciddi səylər səviyyəsinə çatmaq üçün kifayət qədər yaxın yer tutur. Lakin mən yenə də təkrar edirəm ki, bu, olduqca mürəkkəb bir problemdir. Düşünürəm ki, administrasiya hazırda regiona göstərdiyi diqqətin səviyyəsindən yəqin ki, razıdır. Mən bundan bir az daha yüksək olduğunu görmək istərdim, amma hazırda onların kifayət qədər işləri var. Lakin onlar şübhəsiz ki, Cənubi Qafqazı diqqətdən kənarda qoymur və regionda olmayan digər güclərə sadəcə istədiklərini etmək imkanı vermirlər.

Amerikanın Səsi: Rusiyanın Ukraynaya qarşı təcavüzü davam edir. ABŞ-ın Cənubi Qafqazda, xüsusilə də Rusiyanın Ukraynada müharibəsi kontekstində prioritetləri nədən ibarətdir?

Con Herbst: Administrasiyada Moskvanın Ukraynaya qarşı müharibəsinin əslində ABŞ-ın Avropada təsirini zəiflətməyə, NATO-nu dağıtmağa və vaxtilə Cənubi Qafqazın üç dövlətinin də daxil olduğu Sovet İttifaqınını təşkil edən bütün ərazilər üzərində Moskvanın nəzarətini bərpa etməyə yönəlmiş daha geniş siyasətin tərkib hissəsi olduğunu etiraf edən adamlar var. Amma mən administrasiyadakı bəzi adamlara deyirəm ki, mən əmin deyiləm ki, bu çox vacib olan anlaşma bizim Avrasiyada, o cümlədən Cənubi Qafqazda siyasətimizi motivasiya edir. Məncə, bu, belə olmalıdır. Lakin bunun belə olduğuna əmin deyiləm. Administrasiyanın bu siyasəti yürütdüyünü, Dağlıq Qarabağda [müharibənin] təkrarlanmasının qarşısını almaq üçün Cənubi Qafqazda sabitliyin qorunması olduğunu qəbul etsək, böyük hərbi əməliyyatlar çox ciddi səbəbdir və buna nail olmaq üçün müəyyən vaxt lazımdır.

Mən şübhə etmirəm ki, Amerika və Qərbin Ukraynaya dəstəyi azalmasa, heç olmasa indiki səviyyədə qalsa, Moskva Ukraynada qaneedici hərbi qələbə qazana bilməyəcək. Onlar fevralın 24-nə qədər nəzarət etdikləri ərazilər üzərində, bəlkə də 24 fevraldan sonra ələ keçirdikləri ərazilərin bir hissəsi üzərində nəzarəti gücləndirə bilər, amma hamısı deyil. Bu, yenə də Qərbin ən azı eyni səviyyədə dəstəyindən asılıdır. Əgər biz daha çox dəstək versək və məncə, biz bunu etməliyik, fikrimcə, Ukrayna Moskvanın fevralın 24-ü hücumundan sonra zəbt etdiyi bütün əraziləri və ola bilsin ki, əlavə əraziləri geri ala bilsin. Moskva Ukraynaya təcavüz, müharibə yolu ilə hakim ola bilməyəcəyini anladıqdan sonra ola bilsin ki, real sülhün bərqərar olması üçün real danışıqlar aparıla bilər. Amma Putin indiki zamanda bunu düşünmür və o, hazırda Rusiya siyasətini idarə edir. Beləliklə, o, döyüş meydanında məğlub olmalıdır ki, nəticədə sülh olsun.

Amerikanın Səsi: Keçən ay Avropa İttifaqı və Azərbaycan Avropanın Rusiyadan asılılığını azaltmaq səylərinin bir hissəsi olaraq Xəzər regionundan Avropaya enerji axınının 2027-ci ilə qədər ikiqat artırılmasını nəzərdə tutan razılaşma imzalayıblar. Bəzi müşahidəçilər bununla Asiya ilə Avropanı birləşdirən “orta dəhliz”in rolunun artdığını qeyd edirlər. Sizin bununla bağlı fikriniz nədir? Bu tərəfdaşlıq Avropanın gələcək enerji təhlükəsizliyi üçün nə dərəcədə əhəmiyyətlidir?

Con Herbst: Bu çox vacibdir. Demək istəyirəm ki, Birləşmiş Ştatlar 30 il əvvəl Sovet İttifaqı dağılandan bəri bir neçə boru kəmərinə üstünlük verirdi. İdeya çoxlu neft və təbii qaz mənbələrinə, müxtəlif ölkələrdən və bu karbohidrogenlər üzərində cəmlənmiş müxtəlif vasitələrə malik olmaq idi, ona görə də bu, uzun müddətdir davam edən ağıllı siyasətin son təkrarlamasıdır. Bu, təbii ki, Almaniyanın və digər Avropa ölkələrinin Rusiyadan xüsusilə qazdan, həm də neftdən ağılsız asılılığı səbəbindən daha da aktuallaşıb. Dünya bazarlarına daha çox təbii qaz və neft verən ölkələrin sayının artması yaxşı haldır. Yenə də təkrar edirəm, Xəzər dənizi ətrafında və ya Qara dəniz ətrafında bu ehtiyatların işlənilməsi çox müsbət haldır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya məktəbində 11-i uşaq olmaqla, 15 nəfər qətlə yetirilib
please wait

No media source currently available

0:00 0:13:09 0:00
XS
SM
MD
LG