Accessibility links

Azərbaycan Baş Prokurorluğu sosial şəbəkə istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edildiyini bildirib


Azərbaycan Baş Prokurorluğu sosial şəbəkə iştirakçıları Bakı şəhər sakinləri Rüstəm İsmayılbəyli, Fərid Hüseynov, Goranboy rayon sakini Elmar Məmmədov və Mingəçevir şəhər sakini Gülay Eyvazova xəbərdarlıq edib.

Baş Prokurorluğun Mətbuat xidmətinin avqustun 8-də yaydığı məlumata görə, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması və ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatların yayılması yolverilməzdir.

“Milli təhlükəsizlik haqqında” qanuna əsasən ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə yönəlmiş addımlar dövlətimiz üçün təhdid hesab olunur və buna xidmət edən istənilən hərəkətlərin vaxtında qarşısı alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı onlara əməllərinin ictimai təhlükəli nəticələri izah edilib və “Prokurorluq haqqında” Qanununa əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib,” Mətbuat xidməti bildirib.

İctimai fəal Rüstəm İsmayılbəyliyə avqustun 4-də xəbərdarlıq edilib.

İsmayılbəylinin sözlərinə görə, o, Facebook sosial şəbəkəsində yazdığı statuslarla bağlı Baş Prokurorluğa çağırılıb: "Atatürkdən gətirdiyim sitata görə, dindirildim. Dünənki bir yazımda "xalqın azadlığı təhlükə altında qalmadığı müddətcə müharibə başlatmaq cinayətdir" deyə Atatürkün çıxışına istinadla cümlə yazmışdım. Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb," o Amerikanın Səsinə deyib.

Xatırladaq ki, Baş Prokurorluq bundan öncə də bir neçə dəfə sosial şəbəkə iştirakçılarına və media əməkdaşlarına xəbərdarlıq edib.

Yeni Nəsil Jurnalist Birliyinin sədri Arif Əliyev Amerikanın Səsinə bildirib ki, Baş Prokurorluğun jurnalistlərə və sosial şəbəkə iştirakçılarına xəbrdarlıq etməsi söz azadlığına çəkindirici təsir edir.

“Bu xəbərdarlıqlar yeni qəbul edilmiş “Media haqqında” qanunun birinci dalğasıdır ki, onu artıq hiss edirik. Qanunda bir maddə var ki, orada jurnalistin təqdim etdiyi məlumat obyektiv olmalıdır yazılıb. Bu elə kateqoriyadır ki, qanun bunu özündə ehtiva edə bilməz. Çünki obyektivliyi müxtəlif baxışlar müxtəlif cür yoza bilər. Ona görə də qanunun 14.1 maddəsini əldıə rəhbər tutaraq xəbərdarlıq edilir. Bir daha deyim ki, yeni qanunun fəsadlarını artıq hiss etməyə başlayırıq,” o qeyd edib.

Arif Əliyev xatırladıb ki, son zamanlar prokurorluğun xəbərdarlıqlarının bir çoxu cəbhə bölgəsindəki vəziyyətlə bağlı olub. O, yeni qanunun əsas təsirlərinin “qarşıda olduğunu” düşündüyünü deyib.

“Çünki qanunun bir sıra müddəları, o cümlədən reyestrlə bağlı müddəaları hələ tətbiq edilməyib. Reyestrə alınma ilə bağlı işlər başlayanda biz qanunun əsas çətinliklərini hiss edəcəyik. Qanunun digər çətinliyi ondan ibarətdfir ki, yozum üçün çoxlu imkanlar verir və ölkədəki siyasi vəziyyətə uyğun olaraq sərt və liberal formada tətbiqi siyasi iradən asılı olacaq,” ekspert qeyd edib.

XS
SM
MD
LG