Accessibility links

Ceyhun Bayramov: Britaniyadan birinci tələbimiz bu kimi halın bir daha təkrarlanmaması üçün ciddi zəmanət verilməsidir


Ceyhun Bayramov
Ceyhun Bayramov

Türkiyədə səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qrupun üzvləri tərəfindən hücumla bağlı açıqlama verib.

“Britaniyadan birinci tələbimiz bu kimi halın bir daha təkrarlanmaması üçün ciddi zəmanət verilməsidir,” xarici işlər naziri bildirib.

Ceyhun Bayramov hücumla bağlı aidiyyəti qurumların məlumatlandırıldığını, Britaniyanın Bakıdakı səfirliyinin nümayəndəsinin XİN-ə çağırıldığını vurğulayıb.

“Bu, Britaniyanın Vyana Konvensiyasına görə öhdəliyidir. Biz Azərbaycan olaraq bu məsələyə ciddi yanaşırıq. Azərbaycandakı bütün diplomatik missiyalar ən yüksək səviyyədə qorunur. Bu yanaşmanı Britaniyadan da gözləyirik. Digər gözləntimiz Britaniyadan hücumu törədənlər və onların arxasında duranların müəyyənləşdirilməsi istiqamətində çox ciddi araşdırmalar aparmasıdır. Nəticələri gözləyirik,” o qeyd edib.

Azərbaycanın Londondakı səfirliyinə hücum

Avqustun 4-də “Mehdinin Xidmətçiləri Birliyi” ekstremist şiə qruplaşması Azərbaycanın Londondakı səfirliyini ələ keçirib. Rəsmi məlumatlara görə, səfirliyə hücum edən 8 nəfər London polisi tərəfindən saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu avqustun 4-də bu ölkənin Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsi faktı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlayıb.

Baş Prokurorluq bildirib ki, cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.

XS
SM
MD
LG