Accessibility links

Xəzərdə su səviyyəsinin düşməsi Bakının elektrik təchizatını təhlükə qarşısında qoyub


Xəzər Dənizi sahili (Tapdıq Fərhadoğlu, Amerikanın Səsi)
Xəzər Dənizi sahili (Tapdıq Fərhadoğlu, Amerikanın Səsi)

Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi Azərbaycanın ikinci böyük elektrik stansiyası olan və paytaxt Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib.

"Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatında deyilir ki, buna görə “Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb.

“Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradır, o zaman yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı. Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək,” məlumatda qeyd edilir.

Qeyd edək ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos srtansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bildirib ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb.

“Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir,” o qeyd edib.

Onun dediyinə görə, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil.

“Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər,” şöbə müdiri bildirib.

XS
SM
MD
LG