Accessibility links

Oğuz Türk: “Güneydə danışılan türkcə getdikcə pozulur”


Oğuz Türk
Oğuz Türk

Siyasi fəal Oğuz Türk Amerikanın Səsinə müsahibədə “Azərbaycan Milli Hərəkatına” mənsub qüvvələr arasında türk dilində yazıb oxumağın önəmini dəyərləndirib. O, İran Azərbaycanında danışılan türk dilinin getdikcə pozulduğunu önə çəkir.

“Türk dilinin önəmini bilən fəallar Güney Azərbaycanda bu dil üçün çox əmək veriblər. Amma təəssüf ki, biz gücsüzük. Yəni, İran tərəfinin türk dilini yox etmək üçün qoyduğu milyardlar dolar bizdə yoxdur. İran tərəfi daha güclüdür,” siyasi fəal söyləyir.

please wait

No media source currently available

0:00 0:13:55 0:00
Direct link
Biz 20-25 il öncə və ya ondan öncədən Güney Azərbaycandan çıxanlar ilə danışanda və bunu hazırda Təbriz və o biri şəhərlərdə insanların danışığı ilə müqayisə edəndə, görürük ki, Güney Azərbaycanda danışılan türkcədə bir geriləmə var. Bir pozulma var.

O, keçən bir neçə onillikdə Təbriz, Urmiyə, Ərdəbil və Zəncan kimi şəhərlərdə danışılan dilin getdikcə “geriləyib və pozulduğunu” vurğulayır:

“Türkcə çox kritik durumdadır və yaxşıya getmir. Biz 20-25 il öncə və ya ondan öncədən Güney Azərbaycandan çıxanlar ilə, düşüncələrindən asılı olmayaraq, danışanda və bunu hazırda Təbriz və o biri şəhərlərdə insanların danışığı ilə müqayisə edəndə, görürük ki, Güney Azərbaycanda danışılan türkcədə bir geriləmə var. Bir pozulma var. Bunu müsahibələrdə görürük, sosial mediada görürük millətin danışıqlarında görürük.”

Dilin canlı bir varlıq olduğunu önə çəkən Oğuz Türk əlavə edir, “necə ki canlı varlıq xəstə ola bilər, ölə bilər, dil də bundan müstəsna deyil. Dilin də bədəni parçalanar. Güney Azərbaycanda və ümumiyyətlə İranda türk dilini qəsdən parçalamaq, məhv etmək, bu dildə yazılar və bu dilin keçmişini yox etmək və xəstələndirmək [siyasəti yürüdülür]. Necə xəstələnir, necə pozulur? Cüzam kimi bədənini yeyərək. Sistematik olaraq radio-televiziyadan, indi də sosial mediadan fars kəlmələri işlətməyə bir şəkildə məcbur edərək. İranın radio-televiziyasına da göndərişlər verilir ki [yerli kanallarda] mütləq müəyyən bir faiz farsca işlədilsin.”

Millət özü necə ki, rəqs və musiqi kursları qoyur, evlərdə və sosial mediada eyni şeyi elə dil üçün də qoymalıdır. Ən önəmlisi də elə dildir.

Oğuz Türkün fikrincə, belə bir vəziyyətdə dili qorumaq vəzifəsi cəmiyyətin, fəalların və ziyalıların üzərinə düşür.

“Millət özü necə ki, rəqs və musiqi kursları qoyur, evlərdə və sosial mediada eyni şeyi elə dil üçün də qoymalıdır. Ən önəmlisi də elə dildir... Fəallar deməlidir ki, mən ki, adım milli hərəkatın üzvüdür, mən ki özümü milli hərəkatın fəalı bilirəm, elə bu gündən türkcə yazacağam, bu gündən sözümü yetirmək üçün türkcə yazmalıyam. Aydınların üzərində məsuliyyət var,” siyasi fəal qeyd edir.

Oğuz Türk bəzi fəallar və ziyalıların müəyyən bəhanələrə söykənərək türk dilində yazmaqdan imtina etdiklərini önə çəkir.

“Köhnə bəhanələr var. Biri bu ki, biz türkcə yaza bilmərik. Türkcə çətindir. Daha o bəhanə işləmir... Bunca ildən sonra hərkəs öyrənə bilər. Özünə bir zaman ayırsın desin ki, mən 6 ay siyasi fəaliyyət etməyəcəyəm türkcə yazıb oxumağı öyrənəcəyəm. Yəni necə olar birisi özünü Güney Azərbaycanın milli fəalı adlandırsın ancaq türkcə yaza bilməsin? Bir də bu bəhanə ki, biz farsca yazırıq ki, çox adam bunu oxusun, hamı oxusun və ya türkcəni hərkəs oxuya bilmir. Bu da o qədim və köhnə bəhanələrdəndir. Siz bu işi görün ki, olsun. Özü özünü gətirən bir məsələdir. Yəni, siz yazmırsız ki, onlar da oxuya bilmir,” deyə o, əlavə edir.

XS
SM
MD
LG