Accessibility links

Əfqanıstanda qadınlar və qızlar ciddi insan hüquqları pozuntuları ilə üzləşirlər


Əfqanıstanda qadınlar və qızlar ciddi insan hüquqları pozuntuları ilə üzləşirlər
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Əfqanıstanda qadınlar və qızlar ciddi insan hüquqları pozuntuları ilə üzləşirlər

ABŞ-ın hərbi qüvvələrini bütünlüklə Əfqanıstandan çıxarmasından sonra Talibanın hakimiyyəti ələ keçirdiyi bir il ərzində Əfqanıstanda qadın və qızların hüquqları kəskin şəkildə məhdudlaşdırılıb. Son bir il ərzində Əfqanıstanda 19 milyon qadın və qız ABŞ və digər ölkələrin Talibana göstərdiyi təzyiqlərə baxmayaraq, həyat keyfiyyətinin pisləşdiyinin şahidi olub. Bu, Bayden administrasiyasının Əfqanıstanda qadın və qızları qorumaq üçün bütün imkanlardan istifadə ediləcəyinə söz verdiyi fonda baş verir.

Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra bir il ərzində Ağ Evin islamçı qrupa təzyiq göstərmək üçün davamlı səylərinə baxmayaraq, qadınlar və qızlar hüquqlarının kəskin şəkildə məhdudlaşdırıldığının şahidi olub.

Keçən il xaotik geri çəkilmə zamanı Ağ Ev qrupa təsir imkanları olduğunu açıqlamışdı.

“Bizim fikrimiz budur ki, zamanla bizim çox böyük təsir imkanlarımız var. Buraya iqtisadi imkanlar, o cümlədən Amerika vətəndaşlarının və tərəfdaşlarımızın çıxarılmasına davam etmək üçün koordinasiya ilə bağlı olduğu üçün Talibana aydınlaşdıracağımız şərtlər daxildir,” Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki bildirib.

Lakin keçən ilin avqust ayında hakimiyyəti ələ keçirəndən sonra qrupun qızların əksəriyyətinin məktəbə getməsinə mane olması onları gizli olaraq məktəbə getmək məcburiyyəti qarşısında qoyub. Qadınlara həmçinin üzlərini örtmək əmr edilib və onlara sürücülük vəsiqələrinin verilməsi dayandırılıb.

Qrup bu fərmanları İslamın sərt təfsiri ilə əlaqələndirir.

Hüquq müdafiəçiləri ABŞ-ın təzyiqinin kifayət olmadığını bildirirlər.

“Açığını desək, bu, əslində işləməyən bir təsir imkanı oldu. Bunu etiraf etməyin vaxtıdır. Bir növ diplomatik tanınma məsələsi də var, lakin bu, bildiyiniz kimi, uzaq gələcəkdə olan bir məsələdir. Demək istədiyim odur ki, yardımlar məsələsi, mərkəzi bankın ehtiyatlarının dondurulması məsələsi, bütün bu məsələlər birinci yerdədir. Hətta burada da təsir imkanı işə yaramayıb,” Brookings İnstitutunun eksperti Madiha Əfzal bildirib.

ABŞ Əfqanıstan qadınlarını müdafiə edən yeganə ölkə deyil - Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra ərəb ölkələri cəhd göstərsə də, bunun nəticəsi olmayıb.

Təhlilçilər deyirlər ki, Talibana qarşı sanksiyalar qadın və uşaqlara qeyri-mütənasib şəkildə zərər vuran humanitar böhrana gətirib çıxarıb və ABŞ-ın Əfqanıstanla bağlı ölkənin yenidən terrorçular üçün təhlükəsiz sığınacağa çevrilməsinin qarşısını almaq kimi əsas prioritetini təhlükə altına qoya bilər.

“Düşünürəm ki, Əfqanıstanda çoxları ABŞ-ı humanitar böhranın hazırkı vəziyyətində müəyyən dərəcədə günahlandıracaq, çünki ABŞ uzun illər əvvəl Talibana qarşı sanksiyaların tətbiq edilməsi səylərinə rəhbərlik edib və sanksiyalar hələ də qüvvədədir. Əsasən bu sanksiyalara görə ölkəyə pul gəlmir və ölkəyə pul daxil olmadığı üçün bu, iqtisadi böhranın əsas səbəbdir,” Vilson Mərkəzinin təhlilçisi Maykl Kugelman deyib.

Bəs Əfqanıstan qadınları nə istəyir?

“Biz insan kimi yaşamaq istəyirik, evin bir küncündə əsir kimi yox, qəfəsdə saxlanmaq və ərlərimizin gedib yemək dilənməsini istəmirik. Biz bunu heç vaxt istəməmişik,” etirazçı Saira Sama Alimyar deyir.

Lakin Əfqanıstanda 19 milyon qız və qadının bu tələbi rədd edilir.

XS
SM
MD
LG